Yay transfer dönəmində ''Lokomotiv''dən ''Qalatasaray''a keçən Aleksey Batrakovun ardından daha bir rusiyalı futbolçu tezliklə Türkiyəyə yollana bilər. Bu dəfə söhbət ÇSKA-nın üzvü Matvey Kislyakdan gedir.
Əslində yayda ''Qalatasaray'' Batrakovdan öncə məhz bu futbolçuya göz qoymuşdu. Amma həmin vaxt ÇSKA öz yetirməsini satmaqdan imtina etmişdi. İndi də 21 yaşlı yarımmüdafiəçi uğrunda mübarizəyə ''Beşiktaş'' da qoşulub.
Türkiyə mənbələrinin yazdığına inansaq, ''Beşiktaş'' öz skautlarını ötən həftəsonu Kislyakı Moskva ''Dinamo''suna qarşı oyunda izləmək üçün Rusiyaya göndərməli idi. Skautların Moskvaya yollanıb-yollanmaması barədə dəqiq məlumat yoxdu. Amma ''ağ-qaralar'' bu istedadlı oyunçunu diqqətlə təqib etməsi dəqiqdi. Çox güman, qış transfer dönəmində ''Beşiktaş'' ÇSKA-ya rəsmi təklif irəli sürəcək.
2024-ün yanvarından etibarən ''hərbçilər''in əsas komandasına cəlb olunan və Rusiya yığmasına da daimi dəvət alan Kislyakın transfer dəyəri 25 milyon avro civarındadı.
Yığmada indiyə qədər 13 oyuna iki qol vuran bu futbolçu ÇSKA-da isə 98 rəsmi oyunda aktivinə 13 qol, 12 məhsuldar ötürmə yazıb.
Daha bir rusiyalı futbolçu Türkiyəyə yollana bilər
Dünya futbolu





