“Sumqayıt”, nəhayət, “Mehdi Hüseynzadə”yə qayıdır! - göyərçinləri buraxın havaya...

13.11.2026 21:59 0
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, avqustun əvvəlində isti hava şəraiti və ot örtüyünün həddən artıq yüklənməsi səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun meydançası sıradan çıxmışdı. İlk vaxtlar kiçik problem kimi təqdim olunan məsələ sonradan daha ciddi xarakter aldı, nəticədə “Sumqayıt” yeni mövsümdə doğma arenanın qazonuna çıxa bilmədi.

“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev əvvəlcə komandanın 5-ci turdan öncə doğma arenaya qayıda biləcəyini demişdi. Onun sözlərinə görə, həmin vaxta qədər PFL meydançanı yoxlamalı və müvafiq rəy verməli idi. Sonrakı turlarda da stadionun hazır olduğu dəfələrlə açıqlansa, hətta PFL-in rəsmi səhifəsində qarşılaşmaların məkanı kimi “Mehdi Hüseynzadə” göstərilsə də, “gənclik şəhəri” təmsilçisi ev oyunlarını "kibrit qutusu"nda - “SOCAR Polymer Arena”da keçirməyə məcbur olmuşdu.

Artıq isti günlərə əlvida dedik, ilk dövrə başa çatdı, milli komandaların oyunları ilə bağlı növbəti fasilə də yarandı. Premyer-liqanın 12-ci turunda “Sabah”la qarşılaşmanın məkanı kimim bu dəfə də PFL-in saytında “Mehdi Hüseynzadə” göstərilib.

Bəs bu dəfə həqiqətən həsrət bitəcək? “Sumqayıt” növbəti ev oyununu 1400 yerlik "kibrit qutusu"nda yox, futbol atmosferi və 15 minlik tutumu ilə seçilən “Mehdi Hüseynzadə”də keçirə biləcəkmi?

Dünən bir daha Zaur Xudiyevlə əlaqə saxladıq. O, "Sumqayıt"ın noyabrın 20-nə nəzərdə tutulan növbəti görüşü məhz Mehdi Hüseynzadə adına stadionda keçirəcəyini təsdiqlədi.

Yeri gəlmişkən, Sumqayıtın rəmzlərindən biri də “Göyərçin” heykəlidi. Bu şəhərdəki dostlar göyərçinləri hazır saxlasınlar, komandaları o qazona çıxan kimi açıb buraxarlar...

İSRAYIL XEYRULLAYEV