“Mançester Siti” ikinci yeri də əldən verdi - İCMAL

13.11.2026 19:43 0
Dünya futbolu
Premyer-liqanın 10-cu turu bəzi gözlənilməz nəticələrlə əlamətdar oldu. Növbəti dəfə uduzan “Mançester Siti” artıq “Arsenal”dan 6 xal geri düşdü. Nəhənglərdən “Çelsi” və “Tottenhem” məğlub oldu, “Mançester Yunayted” isə çətinliklə 1 xal qazandı.

"Football-plus.az" xəbər verir ki, “Hall Siti” ilə oyun lider “Arsenal” üçün asan keçmədi. Premyer-liqanın inadkar debütantı gözlənilməz nəticələr seriyasını bu dəfə də davam etdirmək istəyirdi. Ancaq bütün turnirlərdə ardıcıl 3-cü minimal qələbəsini qazanan “topçular” büdrəmədi.

Ümumiyyətlə, ilk yarıda onların oyunu alınmadı. Artetanın komandası fasiləyə qədər heç nə yaratmadı, “pələnglər” isə iki dəfə fərqlənə bilərdi. Fasilə meydan sahiblərinin işinə yaradı, onlar fəallaşdı. Düzdü, “pələnglər”in qapısı önündə təhlükəli vəziyyətilərin sıralandığını demək olmaz. Daha fəal görünən Maduekenin zərbəsini saatın tamamında Solakis çətinliklə dəf etdi. Bir neçə dəqiqə sonra qapıçı yenə zərbəni qaytardı, ancaq Edeqor özünü yetirib, hesabı açdı. “Hall Siti”nin məğlubiyyətdən qurtulmaq cəhdləri nəticə vermədi. “Arsenal” premyer-liqada ardıcıl 5-cü qələbəsini qazandı, həm də ardıcıl 4-cü dəfə qapısını toxunulmaz saxladı. “Hall Siti”nin qələbəsiz oyunlar seriyası isə 8-ə çatdı.

Ardıcıl 3-cü çempionat oyununda uduzan “Mançester Siti” kiçik böhran yaşayır. Bu dəfə autsayder “Nottingem Forest” “şəhərlilər”i cəzalandırdı. Kunya müdafiədə yaxşı oynamaqla yanaşı, 6-cı dəqiqədə hesabı da açdı. Delap 18-ci dəqiqədə fərqi artırdı, 2-ci hissədə isə dubl etdi. Qonaqların heyətində az-çox Şerki seçilirdi. Komandasının yeganə qolunu da o vurdu. MS ümumilikdə çox zəif oynadı. Adətən, özünəinamlı olan Holann da çoxlu səhvə yol verdi. MS azarkeşlərinə qibtə etməyə dəyməz. Prinsipcə ÇL-də vəziyyət yaxşıdı, premyer-liqada isə komandanı sanki dəyişirlər.
Autsayder “Kristal Pelas”ın qonağı olan “Liverpul” inamlı qələbə qazandı. “Çəkicdöyənlər”in gücü yalnız təsəlli qoluna çatdı. “Liverpul”dan fərqli “Çelsi” səfərdən xalsız qayıtdı. “Sanderlend” 36-cı dəqiqədə hesabı açdı. “Zadəganlar” sona qədər çox çalışsa da, məğlubiyyətdən qurtula bilmədi.

Turun ən şən oyunu “Old Trafford”da baş tutdu. MY “Aston Villa” ilə oyunun artıq 4-cü dəqiqəsində 0:2 geridə idi. 16-cı dəqiqədə “qırmızı şeytanlar” qollardan birinin əvəzini çıxdı – Fernandeş penaltini dəqiq yerinə yetirdi. Təzyiqi davam etdirən meydan sahibləri fasilə ərəfəsində hesabı bərabərləşdirdi. 2-ci hissənin lap əvvəlində qonaqlar penalti qazandı. Makqinn də büdrəmədi. 5 dəqiqə sonra Qoretska fərqi artırdı. Bununla belə, mançesterlilər mübarizəni dayandırmadı, xarakter göstərdi. 2-ci uzatma dəqiqəsində yenicə oyuna qoşulan Zirkzee “Old Trafford”u ümidləndirdi. 90+6-cı dəqiqədə isə Dorqu son nöqtəni qoydu – 4:4. MY məğlubiyyətdən qaçsa da, hələ də təhlükəli zonadadı.

Turun qalan oyunlarına gəlincə, evdə “Brentford”un qapısından iki cavabsız top keçirən “Brayton” 2-ci pilləyə yüksəldi. “İpsviç”in qonağı olan “Bornmut” da qələbə qazandı. “Tottenhem”lə oyunda “Lids”ə bir qol kifayət etdi. “Everton” “Koventri” ilə oyunda əzmkar qələbəyə sevindi. “Fulhem” – “Nyukasl” oyunu isə “sülh”lə bitdi.

10-cu tur
Arsenal – Hall Siti 1:0

Edeqor, 72. (60285)
Arsenal: Rayya, Timber, Konsa, Qabriel, Kalafyori (İnkapye, 69), Rays (Merino, 63), Gimarayns (Subimendi, 89), Madueke, Edeqor, Solis (Eze, 69), Haverts (Dyökereş, 63).

Nottingem Forest – Mançester Siti 3:1
Kunya, 6. Delap, 18; 74 – Şerki, 52. (30762)
MS: Donnarumma, Xusanov, Diaş, Qehi (Nunyeş, 46), Qvardiol (O’Rayli, 46), Anderson, Fernandes (Foden, 78), Ndiay, Şerki, Dokyu, Holann.

Kristal Pelas – Liverpul 1:3
Nketia, 90+5-p. – Makallister, 10. Virts, 54. İsak, 89. (25176)
Liverpul: Alisson, Arauxo (Qomes, 90+1), Jake, Van Diyk, Kerkez, Soboslai (Nyoni, 69), Makallister, Qakpo (Nqumoa, 76), Virts, Barkolya (Munyos, 69), İsak (Kumas, 90).

Sanderlend – Çelsi 1:0
Le Fe, 36-p. (46388)
Çelsi: Penders, Palestra (Hüsto, 62), Fofana, Koluill (Estevao, 46), Çavarriya (Kenda, 79), Henderson (Emeqha, 87), Kaysedo, Lavia, Palmer, Rocers, Neto (Uelbek 62).

Mançester Yunayted – Aston Villa 4:4
Fernandeş, 16-p. Tilemans, 44. Zirkzee, 90+2. Dorqu, 90+6 – Alisson, 2. Cekson, 4. Makqinn, 48-p. Qoretska, 53. (74149)
MY: Lammens, Mazraui, Yoro, Maquayr (Heven, 46), Dalot (Dorqu, 66), Tilemans (Maunt, 66), Maynu, Diallo (Leysi, 66), Fernandeş, Kunya, Mbemo (Zirkzee, 83).

Everton – Koventri 3:1
Barri, 56; 61. Dyusberi-Holl, 81 – Qboo, 52. (52395)

Lids – Tottenhem 1:0
Okafor, 79. (36924)

Fuhem – Nyukasl 1:1
Muniz, 88 – Merfi, 80. (27367)

Brayton – Brentford 2:0
Qomes, 15. Qross, 42-p. (31629)

İpsviç – Bornmut 1:2
Klark, 73-p. – Evanilson, 5. Devis, 46-öz qapısına. (29396)

1. Arsenal 10 9 0 1 15-5 27
2. Brayton 10 7 1 2 26-7 22
3. Mançester Siti 10 7 0 3 21-13 21
4. Liverpul 10 5 3 2 14-10 18
5. Çelsi 10 5 1 4 19-16 16
6. Everton 10 4 4 2 12-10 16
7. Bornmut 10 4 3 3 16-14 15
8. Brentford 10 3 5 2 16-11 14
9. Lids 10 3 5 2 10-8 14
10. Aston Villa 10 3 4 3 14-17 13
11. Tottenhem 10 3 3 4 10-11 12
12. Nyukasl 10 3 3 4 13-16 12
13. Hall Siti 10 2 5 3 11-11 11
14. İpsviç 10 3 2 5 15-20 11
15. Fulhem 10 2 4 4 10-12 10
16. Nottingem Forest 10 2 3 5 9-13 9
17. Koventri 10 3 0 7 10-19 9
18. Mançester Yunayted 10 1 5 4 14-19 8
19. Sanderlend 10 2 2 6 8-17 8
20. Kristal Pelas 10 2 1 7 10-24 7

Bombardirlər: Holann (MS) – 9, İsak (Liverpul) – 7, Barri (Everton), Cekson (Aston Villa) – 6.

Növbəti turun oyunları noyabrın 21-24-ü aralığında keçiriləcək: Mançester Siti – Fulhem, Aston Villa – Sanderlend, Bornmut – Nottingem Forest, Çelsi – Lids, Koventri – Kristal Pelas, Tottenhem – İpsviç, Nyukasl – Arsenal, Hall Siti – Brayton, Liverpul – Mançester Yunayted, Brentford – Everton.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Ardıcıllıq və inadkarlıq sayəsində qələbə qazandıq. Gec-tez rəqibin müdafiəsini yaracaqdıq. Bir neçə əla imkanımız oldu ki, bunlardan daha taz yararlanmalıydıq. Belə imkanları boşa verəndə ruhdan düşməməli, təzyiqi artırmalısan. Ona bel bağlayırdıq ki, rəqib hansısa məqamda dözməyəcək. Bu oyunu məhz belə qazandıq”.


Entso Mareska, MS-nin baş məşqçisi:
“İlk yarıda intensivliyi qoruya bilmədik, bütün təkbətək mübarizələri uduzduq. Reaksiya göstərmək istəyəndə artıq çox gec idi. İkinci və üçüncü qollar məhz təkbətək mübarizələrdə uduzmağın nəticəsi idi. İlk 7 oyunun hamısında qələbə qazandıq, tarixi nəticə idi. İndi isə ardıcıl 3-cü dəfə uduzuruq. Futbol belədi”.


Maykl Karrik, MY-nin baş məşqçisi:
“Qalib gələ bilməməyimiz məyusluq doğurur. Oyunun əksər bölümündə rəqibdən güclü təsir bağışladıq, ancaq rəqibə asan qollar vurmağa imkan verməklə işimizi çətinləşdirdik. Bu dəfələrlə təkrarlanan tendensiyadı. Sonradan oyuna dönə bildik, hətta qələbə şansımız da oldu. Sadəcə, rəqibi təslim olana qədər sıxa bilmədik”.


Faktlar
* “Arsenal” premyer-liqada mövsümə heç vaxt bundan yaxşı başlamayıb. Komandanın 10 oyundan sonra 9 qələbəsi, 1 məğlubiyyəti var. Londonlular premyer-liqa tarixində 2-ci dəfə 10 oyuna 27 xal toplayıb. 2022/23 mövsümünün startında da nəticə belə olmuş, “Arsenal” 2-ci yeri tutmuşdu.
* MS çempionatda ardıcıl 3-cü dəfə uduzdu. Buna qədər “Brayton” (0:1) və “Aston Villa” (1:2) ilə oyunlarda da məğlubiyyət qeydə alınmışdı. “Şəhərlilər” sonuncu dəfə 2024-də ardıcıl üç oyunda uduzmuşdu.
* “Tottenhem” premyer-liqada qapısından ilk topu buraxdığı 39 oyunun heç birində qələbə qazanmayıb – 9 heç-heçə, 30 məğlubiyyət. Bu isə klub antirekordudu.
* MY qapısında 2-ci qolu görəndə 4-cü dəqiqənin 40-cı saniyəsi gedirdi. Bu, premyer-liqada çıxış tarixində ən erkən buraxılan iki cavabsız qol baxımından klub antirekordudu.

Turun rəqəmi
700 – “Çelsi”nin yarımmüdafiəçisi Cordan Henderson peşəkar karyerasında oyun sayını bu həddə çatdırdı. Maraqlıdı ki, 36 yaşlı futbolçu 18 il əvvəl məhz “Sanderlend”in heyətində “Çelsi” ilə oyunda debüt etmişdi.

Turun ulduzu
Liam Delap (Nottingem Forest) – son illər daim uğursuzluqla üzləşən ucaboy forvard turun ən böyük sensasiyasının memarıdı. Ucaboy forvard dubl etməklə MS-nin müqavimətini qırdı.

Turun sitatı
Damian Vidaqani, “Aston Villa”nın direktoru:
“Yayda hakimlər bizə demişdilər ki, bu mövsüm bilərəkdən qapıçıları müvazinətini itirməyə məcbur edən hərəkətlərə və ya onları itələməyə icazə verilməyəcək. Amma MY-nin hesabı bərabərləşdirdiyi anda Lammens hətta topa baxmırdı – məqsədyönlü şəkildə qapıçımıza ombası ilə toxundu, təmas etdi”.