"Sumqayıt" "Mehdi Hüseynzadə"yə niyə həsrət qalıb? - "Bütün bunlar daha yaxşı örtükdə oyunun keçirilməsi ilə bağlı məqamlardı"

8.10.2026 23:54 135
Ölkə futbolu / Manşet
"Sumqayıt"ın ev oyunlarını yenidən "SOCAR Polymer Arena"da keçirəcəyini yazmışdıq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işlərinin hələ başa çatmaması səbəb olmuşdu. Ardından mövzu ilə bağlı "Futbol+"ə açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev yeni əkinən otların kökünün hələ bərkimədiyini demişdi. Bununla belə, Peşəkar Futbol Liqası 7-ci turun oyun cədvəlini yayınladığı xəbərə əlavə etmişdi ki, matçın keçiriləcəyi gündən yəni oktyabrın 10-dan bir həftə əvvəl idman qurğusunun qazonuna baxış keçiriləcək.

Anlaşılır ki, həmin baxış nəticəsində qazonun oyunlar üçün yararsız olduğu üzə çıxıb və qərara alınıb ki, "kimyaçılar" qarşıdakı ən azı iki ev oyununda rəqiblərini “SOCAR Polymer Arena”da qəbul etsin. Həmçinin, bildirilib ki, 10-cu turun "Sumqayıt" - "Şəfa" oyunundan öncə stadiona baxış keçiriləcək və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacaq. Odu ki, stadionun durumu, klubun bu cür problemlə üzləşməsinin səbəbləri haqda mövqeyini öyrənmək məqsədilə PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisinin cavabı bu cür oldu:

"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun ot örtüyündə renovasiya işləri davam edir. Stadionun ot örtüyü üzrə mütəxəssisinin rəyinə, “Sumqayıt”ın rəsmi müraciət məktubuna əsaslanaraq Peşəkar Futbol Liqasının yekun qərarı ilə bu stadiona qayıdışın ən azı 2 ev oyunu sonra baş tutmasına qərar verilib. Bütün bunlar daha yaxşı örtükdə oyunun keçirilməsi ilə bağlı məqamlardı. İki ev oyunu "SOCAR Polymer Arena"a baş tutduqdan sonra "Mehdi Hüseynzadə"nin qazonunun vəziyyətinə, mütəxəssis rəylərinə uyğun olaraq addımlar atılacaq".

Xatırladaq ki, "Sumqayıt" cari mövsümdə ev oyunlarını "Mehdi Hüseynzadə"də keçirə bilməyib.

KƏNAN BAHADIR