“Mehdi Hüseynzadə adına şəhər stadionu tam hazır olsa belə...” - “Sumqayıt” niyə orda oynamaq istəmir?

10.09.2026 18:00 18
Ölkə futbolu
“Sumqayıt” ot örtüyündə yaranan problem səbəbindən ölkə çempionatındakı ev oyunlarını Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirmir. Komanda rəqiblərini daha kiçik tutuma malik “SOCAR Polymer Arena”da qəbul edir.

Daha əvvəl klubun mətbuat katibi Zaur Xudiyev “Football-plus.az”a açıqlamasında stadionun ot örtüyünün artıq hazır olduğunu bildirmiş və “Turan Tovuz”la səfər oyunundan sonra yekun qərarın veriləcəyini söyləmişdi. Bəs stadion hazırdısa, onda niyə “Şamaxı” ilə sentyabrın 12-də keçiriləcək növbəti ev matçının məkanı kimi PFL-in saytında “SOCAR Polymer Arena” göstərilib?

“Football-plus.az” bu məsələyə aydınlıq gətirmək üçün yenidən Zaur Xudiyevə müraciət edib:

“Stadion hazırdı. Qazonda heç bir problem yoxdu. Özümüz də müntəzəm monitorinq aparırıq. Yaşıl və düz görünür, amma köklərlə bağlı müəyyən risklərin olması mümkündü. Xatırlayırsızsa, ötən mövsüm də belə problem yaşanmışdı. Qazon tam hazır olmadan oyunlar keçirildiyindən yenidən yararsız vəziyyətə düşmüşdü. Buna görə düşündük ki, bir həftə səbr edək və bu ev oyununu da “SOCAR Polymer Arena”da keçirək. Onsuz da hər iki stadion bizimdi. Hər ikisini sifariş etmişik və rəhbərliyin, məşqçilər heyətinin qərarına əsasən, istənilən stadionda oynaya bilərik. Hətta Mehdi Hüseynzadə adına şəhər stadionu tam hazır olsa belə, istəsək, “SOCAR Polymer Arena”da da oynaya bilərik. Təbii ki, belə bir halın olacağını düşünmürəm, sadəcə, nümunə kimi deyirəm. “Şamaxı” ilə oyunu “SOCAR Polymer Arena”da keçirəcəyik. Daha sonra Gəncə səfəri var. Ardından milli komandaların oyunları ilə bağlı təxminən 20 günlük fasilə olacaq. İnşallah, oktyabrda “Qəbələ” ilə ev oyununu Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcəyik”.

İSRAYIL XEYRULLAYEV