İş ondadı ki, bir neçə gün əvvəldən PFL-in saytında yer alan proqramda oyunun "Mehdi Hüseynzadə"də keçiriləcəyi qeyd olunmuşdu. Görünür, söhbət sonradan ortaya çıxan problemdən gedir.
Maraqlıdı, "kimyaçılar"ın yeni mövsümdə "Mehdi Hüseynzadə"də bir oyun belə keçirməsinə mane olacaq qədər ciddi problem nədi? Peşəkar klub niyə ot örtüyünün yenilənməsi ilə bağlı sadə prosesin öhdəsindən gələ bilmir?
Bu suallarla "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Təəssüf ki, otun inkişafı gözlədiyimiz kimi olmadı. Səbəbini bilmirik. Mütəxəssislər stadiona baxış keçirəndən sonra burda oyunun olmasına icazə vermədilər. Bildirdilər ki, hələ otların kökü bərkiməyib. Buna havanın həddən artıq isti olması da səbəb ola bilər. Artıq yağışlı havalar başlayır. Ümid edirik ki, problem tezliklə aradan qalxacaq və ev oyunlarımızı yenidən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyik. Hələ ki ev matçları "SOCAR Polymer Arena"da olacaq".
Xatırladaq ki, "Sumqayıt" oktyabrın 10-da premyer-liqanın 7-ci turunda "Qəbələ"ni qəbul edəcək.
KƏNAN BAHADIR





