“Mehdi Hüseynzadə” ilə bağlı qeyri-müəyyənlik bitmir – PFL yazır, “Sumqayıt” təsdiqləmir

22.10.2026 13:54 99
Ölkə futbolu / Manşet
Mövsüm ərəfəsində ot örtüyü sıradan çıxan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı qeyri-müəyyənlik davam edir. Daha öncə klub dəfələrlə növbəti oyunun artıq bu arenada baş tutacağını söyləsə də, gözlənilən olmayıb. Artıq 8 tur geridə qalıb və şəhərin eyniadlı təmsilçisi hələ də doğma meydana dönə bilməyib. PFL-in rəsmi saytında noyabrın 2-də “Şəfa” ilə oyunun ünvanı kimi məhz “Mehdi Hüseynzadə” göstərilib.

Bu səbəbdən “Football-plus.az” olaraq məsələni dəqiqləşdirmək üçün klubun mətbuat katibi Zaur Xudiyevə müraciət etdik.

Klub rəsmisi bu məsələyə 9-cu turun “Zirə” ilə oyunundan sonra aydənlıq gələcəyini söylədi. “Sumqayıt” bu məsələnin tam dəqiqləşmədiyini söyləyirsə, PFL-in rəsmi saytında niyə oyunun keçiriləcəyi yer kimi bu stadion göstərilib?

Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“Əməkdaşlarımız həmin cədvəldə qeyd bölməsini qoymağı unudublar. “Sumqayıt” – “Şəfa” oyunundan 7 təqvim günü öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonuna baxış keçiriləcək”.

İSRAYIL XEYRULLAYEV