Yığmanın baş məşqçisi Ayxan Abbasov noyabrın 6-da Millətlər Liqasında Lixtenşteyn, yoldaşlıq görüşündə Andorra ilə oyunlar üçün heyətini açıqladı.
Bilindiyi kimi, siyahıda Lorentso Mezzoteronun da adı var idi. Lakin İtaliyadan gələn zədə xəbəri (bu haqda başqa yazıda tanış ola bilərsiz) hücumçunun “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski ilə əvəzlənməsinə gətirib-çıxardı.
Milli ilə bağlı daha bir vacib məqam var. Belə ki, Emin yığma karyerasını başa vurmaq qərarına gəlib. 34 yaşlı futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Andorra ilə görüş Emin üçün millidə sonuncu matç olacaq.
Bilindiyi kimi, 2016-cı ildən millinin şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 65 oyunda 16 qola imza atıb, bu göstəricidə Qurban Qurbanovun rekordunu yeniləməklə milli tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.
İş ondadı ki, yığmada, klubda uzun illər forma geyən oyunçular karyerasına, adətən, ev matçında, doğma azarkeşlər önündə yekun vurur. Yəni Eminin milli ilə bağlı qərarı anlaşılan olsa da, məkan seçimi yanlışdı. 10 il azarkeşlərdən dəstək almağın, həm də onların sevgisi, qayğısı sayəsində mübarizə aparmağın qarşılığı gözdən, könüldən uzaq yerdə vida oyunu olmamalıydı!
KƏNAN BAHADIR
Emin Mahmudovdan anlaşılmaz addım - kapitan gəmini niyə Andorrada buraxır?
Ölkə futbolu / Manşet





