Türkiyə çempionatından yeni istefa xəbəri var. ''Samsunspor''da Torsten Fink dönəmi rəsmən başa çatdı. Klubdan verilən açıqlamada almaniyalı məşqçi ilə müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu qeyd olunub.
Bu istefanı gözləmək olardı. Çünki ''Samsunspor'' tarixinin ən uğursuz startlarından birini reallaşdırıb. Komanda 7 tura topladığı 4 xalla sondan əvvəlki, yəni 17-ci pillədə qərarlaşıb. Son turda ''Trabzonspor''a qarşı ev derbisində qeydə alınan böyükhesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırdı. Komandanın superliqada məğlubiyyət seriyası 5 oyuna çatdı.
Daha öncə almaniyalı Tomas Rays ''Samsunspor''un başında önəmli işlər gördüyündən onun ayrılmasından sonra rəhbərlik yenə almaniyalıya - Torsten Finkə üstünlük vermişdi. 58 yaşlı çalışdırıcı bu vəzifəyə bu ilin fevralında gəlmişdi. Daha öncə ''Bazel'', ''Hamburq'', Vyana ''Austriya''sını, ''Vissel Kobe'', ''Genk'' kimi klubları çalışdıran Finkin Türkiyə macərası göründüyü kimi cəmi 8 ay çəkdi.
Türkiyə mənbələrinin yazdığına inansaq, klub prezidenti Yüksəl Yıldırım yenə əcnəbi məşqçi ilə anlaşmaq niyyətindədi. Onun hazırda 4-5 mütəxəssislə danışıqlar apardığı güman edilir.
Həftəsonu ''Samsunspor''u ''Kasımpaşa'' ilə oyun gözləyir. Rəhbərlik komandanın həmin oyuna yeni məşqçinin başçılığı altında çıxmasını istəyir. İddialara inansaq, ötən mövsüm ''Fənərbaxça''nı çalışdırmış və bu yaxınlarda ''Bolonya''dan qovulan Domeniko Tedesko ''Samsunspor''un təklifini geri çevirib.
Türkiyə klubu ardıcıl 5-ci məğlubiyyətdən sonra məşqçisi ilə vidalaşdı
Dünya futbolu





