“Araz-Naxçıvan”ın futbolçuları da istintaqa cəlb edilib? – RƏSMİ AÇIQLAMA

20.02.2024 18:21 601
Premyer-liqa / Manşet
Ölkə kubokunun 1/8 final mərhələsinin dekabrın 19-da keçirilən “İrəvan” – “Araz-Naxçıvan” matçı (2:8) ətrafında söz-söhbət səngimək bilmir.

İndiyə qədər Qərbi Azərbaycan təmsilçisinin 7 oyunçusunun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən sorğu-sual edildiyini bilirik. Hətta Ege Atlam Adnan və Fəhmin Muradbəyli artıq “İrəvan”dan ayrılıb. Maraqlısı odu ki, hər iki futbolçu “Araz-Naxçıvan” hələ 1-ci divizionda çıxış edərkən həmin komandanın şərəfini qoruyub. Belədə mövzu ətrafında sualların sayı artır.
Görəsən, “Araz-Naxçıvan”a futbolçularının bu prosesdə mümkün iştirakıyla bağlı rəsmi məlumat verilibmi? Həmçinin “qırmızı-ağlar” xoşagəlməz hadisə haqda nə düşünür?

Bu suallarla “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Bu mözvuda bizlik nəsə yoxdu və araşdırma davam etdiyi dönəmdə aiddiyyatı olmadan fikir bildirmək düzgün olmaz. Yekun qərarlar bəlli olandan sonra açıqlama verə bilərik. Hər halda, hələ ki konkret qərar yoxdu. Onu deyə bilərik ki, hansısa futbolçumuzla bağlı bizə müraciət daxil olmayıb. Nə sorğu-sual, nə də başqa bir şey... Hər şey qaydasındadı. Növbəti matçlara hazırlaşırıq”.

KƏNAN BAHADIR