Misli premyer-liqasında 6-cı tura yekun vuruldu və milli komandaların oyunları ilə bağlı fasilə başladı. İndi bütün diqqətimizi yığmamıza yönəldə bilərik. Çünki bizi burda bir yoldaşlıq, iki Millətlər Liqası oyunu gözləyir. Komandamız yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan ilə, Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, evdə oktyabrın 1-də Lixtenşteyn, 4-də Litva ilə qarşılaşacaq.
Millinin bu oyunlar üçün hədəfi bəllidi. Sabiq baş məşqçi Fernando Santuşun dövründə üzləşdiyi uğursuzluqlar üzündən Millətlər Liqasında D liqasına yuvarlanan komanda C liqasına yüksəlməyə çalışacaq. Əlbəttə, ardıcıl məğlubiyyətlərin, məyusluqların azarkeşləri millidən küsdürdüyünün fərqindəyik. Tərəfdarların komandaya inamı böyük ölçüdə azalıb. Ancaq milli adı eşqinə yenidən tribunalara gəlmək, stadionlarda anşlaq yaratmağa dəyər!
Milli artıq toplanışa start verib. Düzdü, hələ bütün legioner həyatı yaşayan futbolçular düşərgəyə qoşulmayıb. Onların tezliklə Bakıya gələcəyi gözlənilir. Ancaq yığmanın qarşıdan gələn matçlara tam gücü ilə hazırlaşdığına şübhə etməyə dəyməz.
Gəlin, komandamızı tək qoymayaq. Keçmişi, rəqiblərin kimliyini yox, millinin adını, qürurunu, gələcəyini prioritet götürək! Sentyabrın 23-ü və oktyabrın 4-də "Palms Sports Arena"ya, oktyabrın 1-də isə Tofiq Bəhramov adına Respublika stadionuna axın edək! Güc birlikdədi!
KƏNAN BAHADIR
El bir olsa, dağ oynadar yerindən! - YAZI
Manşet / Yazarlar






