"Bu və digər çatışmazlıqları aradan qaldıracağıq" - Yeton Bekiri

10.10.2026 23:12 18
Ölkə futbolu / Manşet
"Qəbələ" Misli premyer-liqasının 7-ci turunda səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub oldu - 1:4.

"Football-plus.az" xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Erkən qollar buraxdıqdan sonra toparlanmaq çətin oldu. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün burdayıq.

- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdı?
- Əlbəttə, vaxt çox lazımlı məqamdı. Oyunun əvvəlində 3 zərbənin üçünün də qol olması çox çətindi. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdı. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq.

- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?
- Azərbaycan premyer-liqası çox güclü liqadı. "Sabah" yaxşı komandadı. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.

- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...
- Bu barədə şikayət etməyəcəm. Mən bura işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq.