''Qalatasaray'' Osimhenlə də məğlub oldu

10.12.2025 23:53 11
Dünya futbolu
Çempionlar Liqasında əsas mərhələnin 6-cı turunda ''Qalatasaray'' ''Monako''nun qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, ötən tur Osimhensiz evdə ''Yunion''a minimal hesabla uduzan Türkiyə çempionu bu dəfə əsas qol silahının xidmətindən istifadə edə bildi. Amma nəticə dəyişmədi. İstanbul nəhəngi yenə 0:1 hesabı ilə uduzaraq çoxsaylı fanatlarını məyus etdi. Hətta qapıçı Uğurcan Çakırın hesab 0:0 olarkən penalti dəf etməsi də komanda yoldaşlarını ruhlandırmadı. Təcrübəli qapıçı 51-ci dəqiqədə Denis Zəkəriyənin zərbəsini dəf etdi.

Bu turnirdə ''Qalatasaray''ın heyətində penalti qaytaran son qapıçı 2012-nin sentyabrında ''Mançester Yunayted''lə oyunda Fernando Muslera olmuşdu.

Maraqlıdı ki, Uğurcan 68-ci dəqiqədə zədə üzündən əvəzləndi və meydana çıxan Günay Güvənç dərhal qol buraxdı! Moneqasklıların ən təhlükəli üzvü Folarin Baloqanın vurduğu qol oyunda yeganə oldu. Osimhenin avrokuboklarda 8 oyunluq qol vurmaq seriyası da qırıldı. İstanbul nəhəngi bu mövsüm ÇL-də 3-cü məğlubiyyətlə üzləşdi və 6-cı turu 9 xalla tamamladı. ''Qalatasaray''ın Fransa təmsilçilərinə qarşı səfərdə qolsuz seriyası 4, qələbəsiz seriyası isə 6 oyuna yüksəldi.

Ümumiyyətlə ''sarı-qırmızılar'' fransızlara qarşı son 11 səfər oyununda cəmi 1 qələbə qazanıb (2 heç-heçə, 8 məğlubiyyət). Yeganə qələbə 2001-in sentyabrında ''Nant'' üzərində əldə olunub (1:0).

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul