''Ştutqart''ın məşqçisi Okan Buruka etiraz etdi - ''Bu, doğru hərəkət deyil''

6.11.2026 18:30 0
Dünya futbolu
Məlum olduğu kimi Çempionlar Liqasının son turunda ''Qalatasaray'' evdə ''Ştutqart''ı 2:0 yenərək ardıcıl ikinci qələbəsini qazandı.

''Cim-Bom''un baş məşqçisi Okan Buruk oyundan sonra Almaniya mətbuatına verdiyi açıqlamada ''Ştutqart''ın bəzi üzvlərinə maraqlarının davam etdiyini vurğuladı. İstanbul nəhəngi şvabiyalıların bosniyalı forvardı Ermedin Demiroviçə yayda ciddi maraq göstərsə də, bu futbolçu bu transferə razılıq verməmişdi. Amma Okan Buruk bildirib ki, həm Demiroviçi, həm də ''Ştutqart''ın digər üzvü - mərakeşli yarımmüdafiəçi Bilal Əl-Xannusu izləməkdə davam edirlər və qışda onları almağa cəhd göstərəcəklər.

Burukun bu sözləri ''Ştutqart''ın çalışdırıcısı Sebastyan Hönessin xoşuna gəlməyib. Bu məşqçi Almaniyanın ''Bild'' nəşrinə son açıqlamasında bu mövzuya toxunaraq bunları deyib:

''Qalatasaray''ın iki futbolçumuzu təqib etməsi haqda nə düşünürəm? Mən futbolda heç nədən qorxmuram. Bu iki oyunçunun gələcəyi üçün də narahat deyiləm. Onların klubumuzda nə qədər xoşbəxt olduğunu hər gün görürəm və hiss edirəm. Açığı, Okan Burukla tanış olmaq fürsəti əldə etdim və o mənə çox simpatik bir insan təsiri bağışladı. Ancaq düşünürəm ki bir məşqçinin başqa klubun oyunçuları haqda bu cür şəkildə danışması düzgün deyil. Şəxsən mən təqib etdiyim və transfer etmək istədiyim futbolçular haqda heç vaxt danışmıram. Məncə, bu, doğru hərəkət deyil''.