“Barselona” “El Klasiko”da məğlub olsa da…

4.11.2026 21:51 45
Dünya futbolu
Bilindiyi kimi, “Barselona” İspaniya La Liqasının 10-cu turunda öz meydanında “Real”a 1:2 hesabıyla uduzub. Buna baxmayaraq, “El Klasiko” ev sahibləri üçün maliyyə planında uğurlu alınıb.

Prinsipial matç Kataloniya klubunun rəqiblərini qəbul etdiyi “Kamp Nou”nun tarixinə ən çox gəlir gətirən oyun kimi düşüb. “Diari Ara” nəşrinin məlumatına görə, “Barselona” yalnız bilet satışından 19,1 milyon avro qazanıb.

Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barselona” 62055 tamaşaçının qeydə alındığı “El Klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Yalnız klubun üzvləri üçün nəzərdə tutulan bu biletlərinin qiyməti minimum 315 avro olub. Onlara isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satılandan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.