“Şəki”də baş məşqçi dəyişdi, vəziyyət daha da pisləşdi - “Məşq edə bilmirik, ən azı oyunlara əsas heyətlə çıxmalıyıq”

4.11.2026 22:46 270
Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mübarizə aparan “Şəki” indi acınacaqlı vəziyyətdədi. Maliyyə çatışmazlığından əziyyət çəkən klub doğma şəhərdən uzaq düşüb, məşq edə bilmir, üstəlik, əsas heyətin bəzi üzvlərinin də xidmətindən məhrumdu. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandada yeni təyinat reallaşıb.

Oktyabrın 21-də uğursuz nəticələr səbəbindən baş məşqçi Elvin Hacızadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləndən sonra bu vəzifə 10 gün boş qalıb. Oktyabrın 31-də baş məşqçi postu Firudin Mövsümova həvalə olunub.

Təcrübəli mütəxəssis əvvəllər də “Şəki”də çalışıb. O, noyabrın 1-də komandanı “Ağstafa Gəncləri” ilə səfər oyununa çıxarıb. Həmin qarşılaşmada cari mövsümün antirekordu qeydə alınıb. “Halvaçılar” rəqibinə 1:11 hesabı ilə uduzub. Uğursuz nəticələr üzündən məşqçi dəyişikliyinə gedən komanda yeni mütəxəssisin rəhbərliyi altında daha ağır məğlubiyyətlə üzləşib.

Bəs, yeni baş məşqçi “Şəki”ni düşdüyü vəziyyətdən necə çıxaracaq? İlk oyunda qeydə alınan antirekordun əsas səbəbi nədi? Bu suallara cavab tapmaq üçün Firudin bəylə əlaqə saxladıq:

"Mən daha əvvəl də 2 il 6 ay burda çalışmışam. “Şəki” mənim üçün yad klub deyil. Bəli, rəhbərliklə söhbətimiz zamanı belə çətin vəziyyətdə komandanın yanında olmağa hazır olduğumu bildirdim. Müəyyən planlarımız var. Əsasən heyətlə bağlı düşünürük. Hazırkı vəziyyətdə bu çətin görünsə də, qış fasiləsində transferlər həyata keçirəcəyik. Komandada maliyyə problemi var və bəzi futbolçular oyunlarda iştirak etmir. Bu məsələnin növbəti tura qədər həllini tapması lazımdı. Rəhbərliyə də bildirmişəm ki, heç olmasa, əlimizdə olan futbolçulardan maksimum yararlanmalıyıq. Məşq edə bilmirik, ən azı oyunlara əsas heyətlə çıxmalıyıq. Beləliklə, vəziyyəti müəyyən qədər dəyişə bilərik. Rəhbərlik də bütün problemləri həll etməyə çalışır. İnanıram ki, buna nail olacağıq. Növbəti oyunlarda daha motivasiyalı, mübariz ruhlu komanda görəcəksiz. Hər matça xal qazanmaq üçün çıxacağıq".

İSRAYIL XEYRULLAYEV