Ronaldodan ardıcıl 5-ci boykot

4.11.2026 22:11 45
Dünya futbolu
Deyəsən, Kriştiano Ronaldo “France Football”dan bərk inciyib.

“Əl-Nəssr”in kapitanı ardıcıl 5-ci il “Qızıl top”un “ən yaxşı gənc futbolçu” nominasiyası üzrə səsverməsində iştirak etməyib.

“Ekip” nəşrinin yazdığına görə, 41 yaşlı futbolçu “France Football” jurnalı ilə yaşadığı münaqişəyə görə səsverməni boykot edir.

Xatırladaq ki, Fransa nəşrinin sabiq baş redaktoru Paskal Ferre 2021-ci ildə Ronaldunun əsas məqsədinin Messidən daha çox “Qızıl top” qazanaraq karyerasını başa vurmaq olduğunu iddia etmişdi. Kriştiano isə bu açıqlamanı təkzib edərək Ferreni yalan danışmaqda ittiham etmiş və mükafatla bağlı tədbirləri boykot etməyə başlamışdı.

Məlumata görə, məşhur sabiq futbolçular Zinəddin Zidan və Mişel Platini də bu nominasiyada səs verməyiblər.

Yeri gəlmişkən, bu il mükafata “Barselona”nın hücumçusu Lamin Yamal layiq görülüb.