“Sulimanın məqsədi birmənalı şəkildə topa oynamaq deyildi” – kapitanın səhvi penalti haqq edirdi?

4.11.2026 15:17 63
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 10-cu turunun “Sumqayıt” – “Şəfa” matçında (1:1) qəribə hadisə yaşandı. Belə ki, 36-cı dəqiqədə “kimyaçılar”ın futbolçusu İsa Suliman komanda yoldaşı Marko Yohansona toxundu. Nəticədə qapıçı yiyələndiyi topu az qala itirəcəkdi. İş ondadı ki, epizodun VAR-da incələnməsi oyunun davam etməsi ilə nəticələndi. Görünür, VAR hakimi Rauf Cabbarov burda səhv tapmadı. Bəlkə də Sulimanın topa qəsdən toxunmadığını düşündü. Baş hakim Nicat İsmayıllının epizodu şəxsən incələməsinə ehtiyac duyulmadı.

Bəs, belə epizodlarda hansı qərar verilməlidi? Ədalətli addım üçün incələnməli məqamlar hansılardı?

Bu suallarla sabiq FİFA referisi Fariz Yusifova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Düzü, mən də Sulimanın nə etməyə çalışdığını anlamadım. Məncə, onun məqsədi birmənalı şəkildə topa oynamaq deyildi. Yəqin ki, kapitan qapıçıya toxunmaq istəyirdi. Təsadüfən əli topa da dəydi. Fikrimcə, penalti təyin etmək çox ağır qərar olardı. Suliman arxadan yaxınlaşdığı üçün topu görmürdü. Hər halda, burda futbolçunun məqsədi daha önəmlidi. Epizoddan toxa toxunmaq cəhdi hiss edilsə, bəlkə penalti təyin etmək mümkün idi. Ancaq izlədiyim görüntülərə əsasən deyə bilərəm ki, Sulimanın belə niyyəti yox idi. Bəllidi ki, “Şəfa” “Sumqayıt”ın məğlub edə biləcəyi rəqiblərdən biridi. Belə vacib oyunda kapitanın qəsdən bu cür səhv edəcəyini düşünmürəm”.

KƏNAN BAHADIR