“Kəpəz” “zirzəmi”yə, “Gəncəbasar” zirvəyə doğru... – Gəncədə ağa kim olacaq?

12.09.2026 14:00 0
Yazarlar / Manşet
Hələ mövsüm başlamamış Gəncə futbolunda maraqlı hadisələrin yaşanacağını yazmışdıq. Ona görə ki, şəhər premyer-liqada “Kəpəz”, 1-ci liqada “Gəncəbasar” ilə təmsil olunacaqdı.

“Sarı-göylər” mövsümə uğursuz başlayıb. İlk üç oyunun cəmi birində qələbə qazanan komanda 3 xalla 9-cu yerdədi. Təxirə salınan oyun “Qarabağ”a qarşıdı ki, burda da favorit ağdamlılardı. Yəni “Kəpəz” sərfəli nəticə əldə etmək istəyirsə, həmin görüşdə “boyundan yuxarı tullanmağa” məcburdu. İş ondadı ki, bunu artıq “Gəncəbasar” bacarıb. Belə ki, dünən 1-ci liqanın 2-ci turunda Gəncə şəhər stadionunda premyer-liqaya vəsiqə üçün tər tökən “Xankəndi”ni qəbul edən komanda 2:1 hesablı qələbə qazandı. Özü də meydan sahibləri hədəfə hesabda geri düşmələrinə rəğmən, çatdı. Bu matçı tribunalardan 1200 tamaşaçı izlədi. Hazırda “Gəncəbasar” 6 xalla “Şahdağ Qusar”la birgə liderliyi bölüşür. Heç şübhəsiz, komanda uğurlu seriyanı davam etdirsə, tribunalarda daha çox azarkeş görünəcək. Digər tərəfdən, “Kəpəz” qısa müddətdə toparlanmalıdı. Çünki gəncəli futbolsevərlər üçün artıq alternativ var və məyusluq onları “Gəncəbasar”a daha yaxın edə bilər.

Belədə Gəncə futbolunun gələcəyi ilə bağlı maraqlı məqamlar ortaya çıxır. İki klubun varlığı çempionat fərqinə baxmayaraq, gərgin rəqabət vəd edir. Görək, hadisələrin axarı komandaların inkişafına gətirib çıxaracaq, yoxsa ikisindən birinin Gəncədə hegemonluq etməsinə? İstənilən halda, burda “Kəpəz” daha diqqətli olmalıdı. Bu gün bütün imkanlar hələ “sarı-göylər”dən yanadı. Onlar fürsətdən yararlana bilməsə, “Gəncəbasar”ın tezliklə şəhərdə söz sahibinə çevrilməsi qaçılmaz olacaq...

KƏNAN BAHADIR