PSJ-nin forvardı Lionel Messinin böyük qardaşı Matias əfsanəvi argentinalının sabiq klubunun – “Barselona”nın ünvanına dediyi sözlərə görə üzr istəyib.
Football-plus.az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
“Sosial şəbəkədə dediyim sözlərə görə üzr istəyirəm: sadəcə, oğlum və dostlarım ilə zarafat edirdim. Hər şeydən əvvəl azarkeşlərdən üzr istəyirəm. “Barselona” kimi böyük klub, onun tarixi, mənim ailəmə və Leoya çox şey verən komanda haqda necə belə düşünə bilərəm? Kataloniya bizim üçün ikinci evdi və bu yaxşı məlumdu”.
Xatırladaq ki, Matias bir neçə gün əvvəl “Barselona”nın yalnız Messinin sayəsində məşhurlaşdığını, klub muzeyinin isə Messinin muzeyi olduğunu demişdi.
Leo ilə bağlı daha bir yeni xəbər var. Argentinalı ulduz PSJ ilə yeni müqavilənin şərtlərini müzakirə edir. Sport.es saytının yaydığı xəbərə inansaq, müqavilə bir mövsüm və ya yenilənmə imkanlı bir mövsüm üçün uzadıla bilər. Son qərarı argentinalı verəcək. Qeyd olunub ki, tezliklə Messi ilə klub arasında son görüş baş tutmalıdı.
Xatırladaq ki, Messi 2021-ci ilin yay “transfer pəncərəsi”ndə “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsinin müddəti 2023-ün yayında başa çatır.