Serblərdən "Qarabağ"a pislik: Yankoviçi onlar sıradan çıxarıb

21.10.2023 19:10 692
Ölkə futbolu / Manşet
Dünən "Turan Tovuz" - Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bəd xəbəri açıqladı.

O, komandanın aparıcı futbolçularından Marko Yankoviçin Monteneqro millisinin heyətində zədələndiyini dedi. İnternetə nəzər salarkən aydın oldu ki, söhbət AÇ-2024-ün seçmə mərhələsinin oktyabrın 17-də keçirilən Serbiya – Monteneqro oyunundan gedir. Yankoviç komandasının 1:3 uduzduğu həmin oyunun 85-ci dəqiqəsində əvəzlənib.

"Köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Markonun durumu haqda "Football-plus.az”ın sualını cavabladı:

"Oyunçunun müalicəsi davam edir. Təəssüf ki, qarşıdakı iki həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq".

Klub rəsmisinin dediklərindən anlaşılır ki, Yankoviçin nəinki oktyabrın 26-da “Bayer-04” ilə Avroliqa, həm də Misli premyer-liqasının 11-ci turunda "Araz-Naxçıvan"la matçda iştirakı sual altındadı. Xatırladaq ki, Yankoviçin həmvətəni Marko Veşoviç də zədəlidi.

KƏNAN BAHADIR