“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında Zaqreb “Dinamo”suna 1:2 hesabı ilə məğlub olub. İlk baxışdan burda qəribə heç nə yoxdu.
Bəli, Xorvatiya istedadlı futbolçuları ilə tanınıb. Özü də bu futbolçular Zaqreb “Dinamo”su başda olmaqla Xorvatiya klublarının akademiyalarında yetişir və Avropanın adlı-sanlı klublarının düşərgəsinə yollanırlar. Orda daha da püxtələşirlər, futbolçu kimi yetişirlər. Bununla da həm özləri qazanır, həm də Xorvatiya futbolu. Özləri ona görə qazanır ki, zəngin klublarla dəyəri milyonlarla ölçülən müqavilələr imzalayırlar. Xorvatiya futbolu da onların simasında milli komandalarda oynayan və onu böyük uğurlara daşıyan futbolçulara sahib olur.
Bu səbəbdən də “Qarabağ”ın U-19 komandasının “Dinamo”ya məğlub olmasında qəribə heç nə yoxdu. Yaxşı ki, hesab arasında fərq daha böyük olmayıb və rəqibin qapısına bir dəfə yol tapmağı bacarmışıq. Legionerlərin sayəsində əvvəllər “Qarabağ”, ində də “Sabah” Çempionlar Liqasında uğurlar qazanır, azərbaycanlı azarkeşlərə böyük sevinc yaşadır. Bunu danmaq mümkün deyil. Di gəl ki, böyük və acı bir həqiqəti dana bilmərik. Bu həqiqət də ondan ibarətdi ki, “Qarabağ”la “Sabah”ın qazandığı həmin o uğurlarda azərbaycanlı futbolçuların payı o qədər də çox deyil. Hətta yox dərəcəsindədi. Deməli, sevinmək, qürrələnmək üçün o qədər də ciddi əsasımız yoxdu.
Bahalı legioner yaxşı pul deməkdi. Bəli, pulu düzgün istifadə edib, o pula yaxşı legioner tapmağın da bir məharət olduğunu danmıram. Lakin həmin o legionerlər ümumilikdə futbolumuza, milli komandalarımıza hansısa xeyir verə bilmir. Milli komandanı, ölkə futbolunu inkişaf elətdirmək əvəzinə bu müvəqqəti uğurların keçici parıltısı ilə özümüzü ovundurmağımız zəif təsəllidən başqa bir şey deyil.
Uşaq vaxtı bir kitabda oxumuşdum ki, “getdim çıxdım düz Gürcüstan elinə, elləri var, bizim elə bənzəməz” misrasını yazan bir şairi repressiya illərində sürgünə göndəriblər. Əsasları da bu olub ki, Gürcüstan da sovet respublikasıdı, Azərbaycan da, onların ellərinin bir-birinə bənzəməməsi nə deməkdi? İllərdi elə futbolumuz da eyni vəziyyətdən əziyyət çəkir. Gürcülər də xorvatlar kimi istedadları ilə öyünür, Avropanın dörd bir yanına səpələnməyi bacarırlar. Tanınmış Avropa klublarında legioner həyatı yaşayan gürcülər milli komandaya sevə-sevə gəlir, onun formasıyla meydanda can qoyurlar. Nəticədə Gürcüstan yığması qitənin aparıcı komandalarına meydan oxuyur, böyük turnirlərə qatılır, uğur qazanır. Biz isə yerimizdə sayırıq.
Gürcüstanın adını ona görə çəkirəm ki, onların təcrübəsini öyrənmək daha asandı. Artıq xərc çəkib, uzaqlara getməyə ehtiyac yoxdu. AFFA-nın başı FİFA-nın oyuncaq dünya çempionatına, yaxşı günləri xeyli uzaq keçmişdə qalan Arsen Vengeri Bakıda gəzdirməyə qarışıb. Ona görə də “Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovun “Dinamo”ya məğlubiyyətdən sonra dediklərinə qulaq verib, məsələnin ciddiliyini anlayan yoxdu.
İllər öncə “Qarabağ”ın həm əsas komandası, həm də gəncləri İtaliyanın paytaxtında “Roma” ilə qarşılaşırdı. “Qarabağ”ın U-19 komandasını həmin vaxt Rəşad Sadıqov çalışdırırdı. Bizimkilərin məğlubiyyəti ilə bitən oyundan sonra Sadıqov jurnalistlərə səmimi etiraflar etmiş, həyəcan təbili çalmışdı ki, tezliklə Azərbaycan millilərində oynatmağa normal futbolçu tapmayacağıq.
Onun dediyi kimi də oldu. Nəinki yüksək səviyyəli futbolçu yetişdirə bildik, hətta ortababların da nəsli kəsildi.
Təxminən 10 il keçib. İndi də onun adaşı bizi qəflət yuxusundan oyatmağa çalışır. Onun dediklərini bura bir-bir yazmaq istəmirəm. Xülasəsi belədi ki, yeniyetmə futbolçuların əsgərliyi də problemdi, təhsili də. 19 yaşlı futbolçu əsgər getməyibsə, ali məktəbdə 6 saat dərsdə oturub, sonra acqarına məşqə, yarışlara gəlməlidi. Başqa yolu yoxdu. Çıxış yolu tapmaq mümkündü. Elə Xorvatiyada, yaxud da qonşu Gürcüstanda bu cür problemləri necə həll edirlərsə, biz də edə bilərik. Təbii, futbolun inkişafını istəyiriksə.
Görünən odu ki, istəmirik. Ona görə də bir 10 il sonra başqa Rəşad çıxıb bizim üçün problemləri sadalayacaq, biz də əlimizi yelləyib, yolumuza davam edəcəyik. Futbolumuz da yerlərdə sürünməyində olacaq.
AMAL
O Rəşaddan bu Rəşada qədər... - KÖŞƏ
Manşet / Yazarlar





