“Cəbrayıl” - “Energetik” matçının 84-cü dəqiqəsində hakim Rövşən Rəcəbov mingəçevirlilərin penaltisini vermədiyi üçün futbolçular tərəfindən döyülüb. Bu məsələ ölkənin gündəmini 2 gündü zəbt edib.
“Nur şəhəri” təmsilçisi israrla iddia edir ki, oyunda hakim qərəzi var idi. Deyəsən, AFFA Hakimlər Komitəsi belə düşünmür. Frits Stuxlikin rəhbərlik etdiyi qurum Rövşən Rəcəbovu bu gün 1-ci divizionun 23-cü turunda keçiriləcək MOİK – “Sumqayıt-2” matçına təyin edib.
Azərbaycan futbolunda o qədər “unikal” qərarlarla qarşılaşırıq ki, insan daha nələrəsə təəccüblənmir. Ən əsas da AFFA Hakimlər Komitəsinin qərarlarına söz ola bilməz. Atanın hakim-inspektor olduğu görüşə oğul hakim kimi təyinat alır. Yaddan çıxır, matçlara briqada göndərilmir. Bu gün də bazar günü meydanda sillə-təpiyin altına salınan referi peşəkar liqada meydana çıxacaq. Hələ İntizam Komitəsi oyunla bağlı qərarını açıqlayıb. Bəlkə Erkin Hüseynovun rəhbərlik etdiyi qurum bildirəcək ki, Rövşən Rəcəbov həqiqətən də “Cəbrayıl” - “Energetik” görüşündə qərəzə yol verib? Hara tələsirik, cənab Frits?!
Bu məsələ ilə bağlı Hakimlər Komitəsinə müraciət etməyə lüzum görmədik. Çünki dəfələrlə rəsmi mesajlarımıza bu motivdə cavab verilib:
“Təyinatlar və təyin olunma ilə bağlı ictimaiyyətə açıqlama verilmir!”
Daha bildiyimiz şeyi yenidən niyə soruşaq ki? Onsuz da adamlar biabırçı şəkildə komitəni idarə edirlər. Bunu hamı görürsə, niyə və nə üçün soruşaq?
İLKİN SULTANLI


