''Real'' ilə müqavilə müddəti başa çatdığından sərbəst statusda olan ulduz futbolçuya ''Nyukasl'', ''Reyncers'', ''Seltik'' kimi klublar maraq göstərir. Sabiq klubu ''Tottenhem'' isə Beylin xidmətində maraqlı olmadığını açıqlayıb. Bu arada dünən Madridin digər təmsilçisi ''Xetafe''nin prezidenti Anxel Torres maraqlı bir açıqlama verdi. O, Beylin meneceri Conatan Barnettin futbolçunun xidmətini bu kluba təklif etdiyini açıqladı:
''Bir neçə dəqiqə öncə Beylin meneceri ilə söhbət etdim. O klubumuzun Qaret ilə bağlı mövqeyini soruşaraq onun xidmətini bizə təklif etdi. Təkbaşıma qərar verə bilmərəm. Bu məsələni idman direktoru və məşqçilər korpusu ilə müzakirə etməliyəm''.
Xatırladaq ki, türkiyəli forvard Enes Ünalın şərəfini qoruduğu ''Xetafe'' ötən mövsümü La Liqada düşmə zonasından cəmi 1 xal öndə olmaqla 15-ci pillədə tamamladı. Belə şayiələr gəzirdi ki, Uels mundiala vəsiqə qazana bilməyəcəyi təqdirdə Beyl hətta karyerasını da başa vura bilər. Amma indi 32 yaşlı futbolçu DÇ-yə yaxşı formada yollanmaq üçün özünə yeni klub tapmaq məcburiyyətindədi.


