Uruqvay futbolunda vərəqələrlə bağlı yenilik reallaşıb. Lakin bu planda tətbiq problem də yaradıb.
Uruqvay Futbol Assosiasiyası yerli şirkətlə birgə futbol hakimlərinin istifadə etdiyi ənənəvi sarı və qırmızı vərəqələri, həmçinin qeyd dəftərini əvəz edə biləcək elektron cihaz hazırlayıb. Mobil telefona bənzəyən kiçik cihaz vasitəsilə futbolçulara xəbərdarlıq etmək, onları meydandan qovmaq və oyunda baş verənləri qeydə almaq mümkündü.
Toplanan məlumatlar elektron sistem vasitəsilə federasiyaya ötürülür. “Virtual kartlar” adlandırılan cihaz kiçik ekran və iki düymə ilə təchiz olunub. Düymələrdən birinə basdıqda ekran sarı, digərinə toxunduqda isə qırmızı rəngə çevrilir. Beləliklə, futbolçu hakimin əlindəki ənənəvi plastik vərəqə əvəzinə müvafiq rəngdə ekran görür.
Yenilik ilk dəfə Uruqvay kubokunun “Defensor Sportinq” - “Plaza Koloniya” matçı zamanı sınaqdan keçirilib. Lakin problem yaranıb. Montevideodakı “Luis Fransini” stadionunda gündüz saatlarında keçirilən oyun zamanı güclü günəş işığı səbəbindən ekran tam görünməyib. Buna görə də hakim cihazdan tam istifadə edə bilməyib. Buna baxmayaraq, sınaqlar dayandırılmayıb. Hakimin köməkçiləri və 4-cü hakim hadisələri qeydə almaq üçün elektron qeyd dəftərlərindən istifadə ediblər.
İkinci sınaq isə “Nasyonal” - “Rentistas” komandaları arasında keçirilən kubok matçında baş tutub. Hakim Eduardo Varela xəbərdarlıqlar və meydandan qovulma zamanı elektron kartdan bir neçə dəfə istifadə edib. Uruqvaylı jurnalistlər bu dəfə də ekranın rənginin uzaq məsafədən aydın görünmədiyini vurğulayıblar.
Vərəqələrlə bağlı yenilik problem də yaratdı
Dünya futbolu





