“Real” “Neqreyra işi” ilə bağlı UEFA-nı tələsdirir - “Barselona” ÇL-dən uzaqlaşdırıla bilərmi?

9.10.2026 13:02 27
Dünya futbolu
“Barselona” 2001-18-ci illər aralığında İspaniya hakimlərinə rəhbərlik edənlərdən birinə bağlı şirkətlərə pul ödəyib. Xose Mariya Enrikes Neqreyra onda Texniki hakimlər komitəsinin vitse-prezidenti vəzifəsini tuturdu, prokurorluğun versiyasına görə, kataloniyalır onun vasitəsi ilə hakimlərin qərarlarına təsir edə biləcəyini düşünürmüş. Klub isə iddia edir ki, sadəcə, məsləhətlər və hesabatlar üçün pul ödəyib.

Həmin pul köçürmələri İspaniyada cinayət işinin açılması və UEFA-nın ayrıca təhqiqata başlaması üçün əsas olub. Hər iki araşdırma 2023-dən bəri davam edir. “Real” oktyabrın 1-də UEFA-ya nəhəng sənədlər paketi təqdim edib və araşdırmanın sürətləndirilməsini istəyib. Günahı sübuta yetiriləcəyi təqdirdə “Barselona” Çempionlar Liqasındakı yerini itirə bilər.

UEFA artıq “Real”dan dosye aldığını təsdiqləyib. AS-ın yaydığı xəbərə görə, Madrid klubu qitə futbol qurumuna 50 min səhifəlik material göndərib. UEFA-nın etika və intizam üzrə müfəttişləri həmin sənədləri artıq açılan iş çərçivəsində incələyəcək. “Real” rəsmi açıqlamasında yetərincə ciddi dəlillər təqdim etdiyini bildirib və araşdırmanın mümkün qədər tez başa çatdırılmasını tələb edib. UEFA hələ ki dosyenin ciddiliyi, bunun işə necə təsir edə biləcəyi haqda açıqlama verməyib.

“Barsa” yeni yoxlamanın başlaması ilə bağlı məlumatı təkzib edib. Klub saytında deyilir ki, onsuz da iş qapanmadığına görə hansısa yenilənmədən söhbət gedə bilməz. Qitə futbol qurumunun müfəttişləri kluba əlavə sorğu göndərməyib, “Real”ın şikayəti ilə bağlı heç bir məlumat verməyib.

Neqreyraya niyə pul ödənilib?
Hər şeyin necə başladığını bir daha xatırladaq. Prokurorluğun ilkin materialında 2001-18 aralığına təsadüf edən köçürmələrin məbləğinin 7,3 milyon avrodan artıq olduğu bildirilirdi. Şübhələr onunla bağlıdı ki, pul hakimlər komitəsinin vitse-prezidenti olan şəxsə bağlı şirkətlərə çatıb. Müstəntiqlər “Barsa”nın bu ödənişlər sayəsində özü üçün arzulanan qərarlar verilməsinə nail olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Klub israrla bildirir ki, sadəcə, analitik xidmətlər qarşılığında pul ödəyib. Söhbət bu və ya başqa adamın idarəçilik özəllikləri nəzərə alınmaqla oyunlara daha yaxşı hazırlaşmağa imkan verən hesabatlardan gedir. Xuan Laporta 2023-ün aprelində bildirib ki, daxili yoxlama nəticəsində 629 belə material, 43 disk və daha 4 sənəd aşkarlanıb. O, hakimlərə təsir nəticəsində üstünlük qazanmaqla bağlı iddiaları rədd edib.

“Barsa”nın sabiq prezidenti Xosep Mariya Bartomeu isə “Mundo Deportivo”ya deyib ki, hesabatları Neqreyranın oğlu hazırlayıb. O, 2018-ci ildə bu xidmətdən imtinanı xərclərin azaldıması və bu işi klub əməkdaşların görə bilməsinin mümkünlüyü ilə izah edib. Elə həmin il böyük Neqreyra hakimlər komitəsini tərk edib. Bu məqam “Real”ın tərəfində olanlarda ciddi şübhə doğurur.

Cinayət işi hansı mərhələdədi?
2024-cü il mayın 24-də məhkəmə vəzifəli şəxsi pulla satın almaqla bağlı ittihamı götürüb. Bu maddənin tətbiqi üçün Neqrerya dövlət vəzifəli şəxs statusunu daşımalıydı, ancaq məhkəmə onun belə statusunun olmadığını bildirib. Mümkün idman korrupsiyası, maliyyədən sui-istifadə və sənədlərin saxtalaşdırılması epizodları üzrə təhqiqat isə davam etdirilib.

EFE-nin yaydığı xəbərə görə, hakim sentyabrın 1-da “Real”ın təhqiqatın daha 6 ay davam etməsi ilə bağlı iddiasını rədd edib. Ancaq bununla iş qapanmayıb. Noyabrda daha iki şahidin dindirilməsi nəzərdə tutulur, çünki bununla bağlı qərar daha əvvəl verilib.

İspaniyada idman sanksiyaları üçün müddətlər fərqlidi. Hələ 2023-ün martında La Liqanın prezidenti Xavyer Tebas demişdi ki, İspaniyanın idman hüququ klubu cəzalandırmağa imkan vermir, çünki aradan 3 ildən artıq vaxt keçib. Bu üzdən liqa da UEFA-ya müraciət edib.

UEFA nə edə bilər?
Qitə futbol qurumunun yarışlara buraxılmaqla bağlı öz qaydaları var. UEFA 2023-cü il iyulun 27-də “Barselona”nın 2023/24 mövsümündə avrokuboklarda iştirakına ilkin razılıq versə də, uzaqlaşdırma ilə bağlı məsələyə sonradan dönə biləcəyini vurğulamışdı. Müfəttişlər təhqiqatı davam etdirdi, eyni zamanda klubun üzərinə lazımi sənədləri tədqim etmək öhdəliyi qoyuldu.

ÇL-in reqlamentinin 4.02-ci bəndi bir mövsüm üçün kənarlaşdırma nəzərdə tutur, amma UEFA klubun oyunun taleyini dəyişməyə yönələn fəaliyyəti ilə bağlı birbaşa və ya dolayı günahını aşkar edərsə. Bu maddə milli yarışlara da aiddi. Yəni İspaniya çempionatında idarəçiliyə mümkün müdaxilə də avrokuboklardan uzaqlaşdırılmaqla nəticələnə bilər.

ÇL-in 2026/27 mövsümü üçün reqlamentə görə, bu norma 2016-cı il martın 1-dən başlayaraq törədilən pozuntular üçün keçərlidi. Neqreyraya ödənişlər 2018-ə qədər davam edib, odu ki, əməkdaşlığın son dönəmi bu aralığa düşür. Reqlamentin 4.04-cü bəndi isə birillik uzaqlaşdırılma ilə yanaşı, əlavə intizam tədbirlənini tətbiq olunmasını da nəzərdə tutur.

UEFA dövlət məhkəmələrinin qərarını nəzərə ala bilər, ancaq reqlamentə gərə bunlarla bağlı deyil. Yəni klubun uzaqlaşdırılması üçün İspaniyada hansısa məhkəmə hökmünün çıxarılmasını gözləməyə də bilər. “Barselona” isə oktyabrın 1-də yaydığı açıqlamada israr edir ki, UEFA-nın araşdırması cinayət işinin necə yekunlaşacağından asılıdı.

Beləliklə, “Barsa”nın ÇL-dən uzaqlaşdırılması tam realdı. Ancaq əldə olan bilgilər əsasında bu ehtimalı faizlə dəyərləndirmək çox çətindi. UEFA-nın müfəttişlərinin dosyeni necə dəyərləndirəcəyini, materialın cəza üçün kifayət edib-etmədiyini bilmirik. “Real” qitə futbol qurumuna dosye təqdim etməklə həm də özünəməxsus şəkildə ictimai təzyiqi gücləndirir.

Heç şübhəsiz, bu qalmaqalın sonunda hər iki klubun imici zərər görəcək. “Real” əsas rəqibi cəzalandırmaq yolundakı canfəşanlığına, “Barsa” isə ötənlərdəki şübhəli fəaliyyətinə görə.