Deyəsən, yaxın keçmişdə İspaniya futbolunun daxili məsələsi hesab edilən “Neqreyra işi” beynəlxalq müstəviyə çıxacaq. Bu, “Real” rəhbərliyinin sayəsində mümkün ola bilər.
"Football-plus.az" xəbər verir ki, Madrid klubu “Barselona”nın hakimlərin texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqəsinə dair sənədləri UEFA-ya təqdim edib. “Real”ın rəsmi saytında yayılan məlumatda UEFA-nın madridlilərin şikayətini qəbul etdiyi və “Barselona”nın Neqreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanı davam etdirdiyi bildirilib.
“Real” UEFA-ya təqdim etdiyi sənədlərin geniş sübut bazasını əhatə etdiyini və məsələnin yarışların dürüstlüyü, həmçinin hakimlik sisteminə inam baxımından ciddi əhəmiyyət daşıdığını qeyd edib. Paytaxt klubu araşdırmanın mümkün qədər tez yekunlaşdırılmasını və müəyyən ediləcək faktlara uyğun qərar qəbul olunmasını xahiş edib.
Qeyd edək ki, “Real” UEFA ilə əməkdaşlığı davam etdirəcəyini və Avropa futbolunda dürüstlük, şəffaflıq və “feyr-pley” prinsiplərinə zidd hesab etdiyi halların araşdırılması üçün bütün mümkün addımları atacağını bildirib.
“Real” UEFA-nın “Barselona”nı cəzalandırmasına çalışır
Dünya futbolu






