“Tovuzdan Bakıya mindən çox azarkeş gəlmişdi” - himn qalmaqalının səbəbi nə idi?

6.10.2026 13:27 36
Ölkə futbolu
“Turan Tovuz” – “Fənərbaxça” oyunu dolu tribunalar önündə baş tutdu. Təəssüf ki, bəzi qanqaraldıcı məqamlardan qaçmaq da mümkün olmadı.

Daha əvvəl xəbər verdiyimiz kimi, Tovuzdan Bakıya azarkeşlərin avtobuslarla və “Qərb Ekspress” qatarı ilə gətirilməsi də təşkil olunmuşdu. Bakıya səfər edən “Turan Tovuz” azarkeşlərinin sayı maraq doğurur. Həmçinin oyundan əvvəl Türkiyənin himni səslənərkən “bozqurd” futbolçularının davranışı diqqəti çəkdi. Bəzi futbolçular himni dinləmək əvəzinə isinmə hərəkətləri edirdi.

“Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev bu məqamlarla bağlı izahat verdi:

“Tovuzdan 1000-dən çox azarkeş gəlmişdi, ümumilikdə 24 min tamaşaçı oyunu izləyirdi. Ani diqqətsizlik oldu, çünki çempionat oyunlarında, adətən, himn səslənmir. Qısamüddətli bir anlaşmazlıq oldu və dərhal düzəldildi. Elan etdiyimiz kimi “Qərb Ekspress” qatarı azarkeşlərimizin ixtiyarına verilmişdi eyni zamanda avtobuslarla da səfər təşkil olundu. Rahat şəkildə oyuna gəlib-qayıtdılar”.

İSRAYIL XEYRULLAYEV