“Fənər”lə oyun üçün Tovuzdan Bakıya neçə azarkeş gələcək? – matçın hakimi haqda qərar açıqlandı

29.09.2026 21:04 657
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, oktyabrın 3-də yoldaşlıq oyunu çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaq “Turan Tovuz” azarkeşlərinə müraciət edib. Tərəfdarlar üçün Tovuzdan Bakıya səfər çərçivəsində “Qərb Ekspess” qatarının yola düşəcəyi, eyni zamanda avtobuslar ayrılacağı bildirilib. Üstəlik, bütün xərclər klub tərəfindən qarşılanacaq. Bunun üçün 18 yaşdan yuxarı şəxslər şəxsiyyət vəsiqələri ilə birlikdə qeydiyyatdan keçmək üçün Tovuz şəhər stadionuna müraciət etməlidilər.

Bəs, klubun çağırışına maraq varmı? Azarkeşlər artıq bu fürsətdən yararlanmaq üçün “Turan Tovuz”a müraciət ediblərmi?

Bu suallarla “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında indiyə kimi 300 azarkeşin müraciət etdiyini bildirdi. Həmkarımızdan matçın yerli yoxsa əcnəbi hakim tərəfindən idarə olunacağını da soruşduq. O, ədalət təmsilçisinin böyük ehtimalla yerli olacağını dedi.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş oktyabrın 3-ü, saat 20.00-da start götürəcək. Yəni azarkeşlərin kluba müraciət etmək üçün xeyli vaxtı qalıb.

KƏNAN BAHADIR