“Tovuzdan sonuncu çıxan şəxs şəhərin işıqlarını söndürsün” – “Turan” azarkeşlərinə belə dedi!

27.09.2026 23:27 612
Ölkə futbolu
Oktyabrın 3-də Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbaxça” oyunu ətrafında böyük ajiotaj var. Təsadüfi deyil ki, artıq oyuna 16500 bilet satılıb.

Tovuz klubu bu arada azarkeşlərinə maraqlı müraciət ünvanlayıb. Oxuyun, agah olun:

“Dəyərli “Turan” ailəsi! 3 oktyabr tarixində “Turan Tovuz” və “Fənərbaxça” komandaları arasında dostluq oyunu keçiriləcək. Oyunu canlı izləmək istəyən Tovuz sakinləri üçün klubumuz tərəfindən səfər təşkil olunacaq. Səfər çərçivəsində “Qərb Ekspress” qatarı yola düşəcək, eyni zamanda azarkeşlər üçün avtobuslar da ayrılacaq. Səfərlə bağlı bütün xərclər klubumuz tərəfindən qarşılanacaq. Səfərdə iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər şəxsiyyət vəsiqələri ilə birlikdə sabahdan etibarən qeydiyyatdan keçmək üçün Tovuz şəhər stadionuna müraciət edə bilərlər. Dəstəyiniz gücümüzdü! Gəlin, komandamızın yanında olaq! Və ən əsası, Tovuzdan sonuncu çıxan şəxs şəhərin işıqlarını söndürsün — hamımız Bakıya, komandamızı dəstəkləməyə gedirik!”