“Günahsızlığımızı sübut etmək niyyətindəyik” - “Mançester Siti” ətrafında nə baş verir?

5.10.2026 20:00 27
Dünya futbolu
Sentyabrın 25-də “The Athletic” və bir sıra başqa nəşrlər belə xəbər yaydı: İngiltərə Premyer-Liqasının (İPL) “Mançester Siti”yə qarşı iddiasına baxan Müstəqil komissiya klubu liqanın maliyyə qaydalarının 115-dən 114-nü pozmaqda günahkar bilir.

Rəsmi şəxslər sərt məxfilik üzündən hələ ki bu məsələni çox səliqəli şəkildə şərh edir. Əvəzində futbolçular, məşqçilər və başqaları aktual mövzu ilə bağlı fəal şəkildə mövqe açıqlayırlar.

Nə baş verib?
İPL bu işə 2023-cü ildə başlayıb: onda liqa kluba 115 ittiham irəli sürmüşdü. Əsas iradlar 2009/10 – 2017/18 aralığında baş verən pozuntularla bağlı idi, klub həmçinin araşdırmaya yardım etmədiyinə görə qınanırdı. “Şəhərlilər” dəqiq maliyyə informasiyası verməməkdə, oyunçulara və məşqçilərə ödənilən kompensasiyanın məbləği ilə bağlı dəqiq olmayan bilgi təqdim etməkdə, həmçinin liqanın gəlirlilik və dayanıqlılıq qaydalarını pozmaqda ittiham olunurdu. “Mançester Siti” isə ardıcıl şəkildə bütün ittihamları rədd edir, onların saxta olduğunu bildirirdi.

Üstündən üç il ötəndən sonra Müstəqil komissiya verdiktini ortaya qoydu – İngiltərə klubu 115 bənddən 114-də günahkardı. “Günahların” tam siyahısı ilkin variantda belə təsnif olunmuşdu:

54 bənd – dəqiq və etibarlı maliyyə informasiyasının təqdim olunmaması (2009/10 - 2017/18 aralığında),
14 bənd – oyunçulara və məşqçi korpusuna ödənişlərlə bağlı detalların gizlədilməsi (2009/10 – 2015/16 aralığında),
7 bənd – İPL-in gəlirlilik və dayanıqlılıq qaydalarının pozulması,
5 bənd – “maliyyə feyr-pleyi” də daxil olmaqla UEFA-nın reqlamentinə əməl olunmaması (2013/14 – 2017/18 aralığında),
35 bənd – İPL-in təhqiqatı ilə əməkdaşlıqdan sistematik şəkildə boyun qaçırmaq (2018-ci ildən başlayaraq).

“The Athletic”in yazdığına görə, indi “Siti”ni cərimə, xal silinməsi, titullardan məhrum olunmaq və çempionşipə göndərilmək gözləyir. Aydın məsələdi ki, bu variantlardan hər birinin gerçəkləşmək ehtimalı fərqlidi. Məsələn, indiyə qədər premyer-liqa tarixində başa çatan turnirlərin nəticələrinə yenidən baxılmayıb. Ancaq bu dəfə həmin turnirlərlə bağlı xal silinməsi olarsa, “şəhərlilər” bir neçə çempionluğu itirə bilər.

MS 2008-18-ci illər aralığında üç dəfə ölkə çempionu olub. 2011/12 mövsümündə 2-ci yeri “Mançester Yunayted” tutub (söhbət Aqueronun KPR-in qapısına son saniyələrdə qol vurduğu, Mançester təmsilçiləri arasında xalların bərabərliyi halında əlavə göstəricilərin önə çıxdığı mövsümdən gedir). MY 2017/18 mövsümündə də finişə “Siti”dən sonrakı pillədə çatıb, ancaq onda çempionla 2-ci yeri tutan komanda arasındakı xal fərqi 19-a bərabər olub. 2013/14 mövsümündə isə “Mançester Siti” ilə “Liverpul”u bir-birindən 2 xal ayırıb.

Rəhbər nə deyir?
“Siti”nin sədri Haldun əl-Mübarək şok effekti verən xəbərlərdən bir gün sonra azarkeşlərə müraciət edib. Həm də çox səliqəli şəkildə:

“Sizlə bölüşmək istədiyim çox şey var... Ancaq hüquqi prosesin tam məxfiliyi və bizim buna əməl etmək niyyətimiz indi hər şeyi danışmağa imkan vermir. Hətta sizə bu müraciətim də bir neçə hüquqi yoxlamadan keçib”.

Əl-Mübarəkin sözlərinə görə, klub haqlı olduğuna əmindi:

“Prosesin bitməsinə hələ çox var. Klubun günahsızlığını sübut etmək niyyəti lap əvvəldə olduğu qədər yenə də güclüdü”.

“Football Leaks”in yaradıcısı Ruy Pinto ilə indi yaşananlara görə çox sevinir. Məhz o, klub sənədlərini və daxili yazışmaları dərc edən ilk şəxs olub, “Siti”yə ittiham irəli sürülməsinə əsas verib:

“Football Leaks” çərçivəsində gördüyüm işlərə yekun vuran, İngiltərə futbolu üçün tarixi qərardı. Nə qədər ironiyalı görünsə də, Pep Qvardiolanın “Siti”nin baş məşqçisi kimi keçirdiyi ilk mətbuat konfrasında dediyi sözləri xatırlamaya bilmirəm: “Kəmərləri bərkidin”.

2009-13-cü illərdə komandanın “sükanı arxasında” olan Roberto Mançininin fikrini bilmək də maraqlıdı. “La Gazzetta dello Sport” iddia edir ki, mütəxəssisin ikili müqaviləsi olub: o, eyni zamanda “Mançester Siti”dən ildə 1,69 milyon, şeyx Mansura məxsus olan “Əl-Cəzirə”dən isə məsləhətçi sifəti ilə 2,03 milyon avro alıb. Maraqlıdı ki, Mançini ikinci kluba formal şəkildə il ərzində yalnız dörd gün yardım edib. Hazırda İtaliya yığmasını çalışdıran mütəxəssis “Calcio Mercato”ya belə deyib:

“Düşünmürən ki, “Siti” günahkar sayılıb, məncə, tərsinədi. Bu məsələnin mənə dəxli yoxdu, yeni bir şey deyil. İkili müqavilə? Bu mənim yox, onların problemidi”.

Klubu hansı sanksiyalar gözləyir?
Əl-Mübarək prosesin hələ uzun çəkəcəyinə əmin edirsə, bəzi jurnalistlər artıq klub üçün mümkün cəzalarla bağlı xəbərləri bir ucdan yayır. Nüfuzlu həmkarımız Ben Ceykobs bildirir ki, İPL “şəhərlilər”i sərt şəkildə cəzalandırmaq fikrindədi:

“Mənə məlum olduğuna görə, İPL xalların silinməsi, hətta “Mançester Siti”nin liqadan uzaqlaşdırılması kimi ciddi, rekord, istisnasız sərt sanksiyalara əl atmaq fikrindədi. Həmçinin daha bir eksklüziv xəbərim var: “şəhərlilər” premyer-liqadan uzaqlaşdırılarsa, EFL (ikincidən dördüncüyə qədər bütün divizionları özündə birləşdirən İngiltərə Futbol Liqası – red.) həmrəylik əlaməti kimi onları öz turnirlərinə də buraxmayacaq”.

Düzdü, bu mövzuda fərqli fikirlər də var. “Oasis” qrupunun vokalisti, “Siti”nin azarkeşi Liam Qallaher əmin edir ki, klubu qorxulu heç nə gözləmir:

“Yaxınlarda çox yüksək rütbəli məmurlardan biri mənə dedi ki, apellyasiyanı da uduzsaq, heç nə baş verməyəcək – bizi cərimə və transferlərə qadağa gözləyir. Hər şey bundan ibarətdi”.

Titulları necə bölməli?
Daha bir vacib məsələ var – “Siti”nin güman olunan pozuntular dövründə qazandığı titulların taleyi necə olacaq? Bəziləri artıq qənimətləri bölüşdürməyə başlayıb. Məsələn, “Stok Siti”nin sabiq baş məşqçisi Toni Pulis İngiltərə kubokunun 2011-ci ildə keçirilən, “şəhərlilər”ə 0:1 uduzduqları finalı haqda danışıb:

“Bütün azarkeşlər məndən məhz bunu soruşur: kubokumuz bizə nə vaxt qaytarılacaq? Uduzduq, ancaq oyunçularımız möhtəşəm idi, həmişə olduğu kimi, bütün güclərini meydanda qoydular, şans üzümüzə gülmədi. Qələbə qolunu vuran Yaya Ture “Stok”un istənilən oyunçusundan 10 dəfə artıq qazanırdı, onun 2010-cu ildə “Barselona”dan transferinin məbləği isə start heyətimizdəki oyunçuların ümumi dəyərindən artıq idi... Özümü aldadılmış hiss edirəm”.

“Çelsi”nin və “Mançester Yunayted”in sabiq oyunçusu Xuan Mata istənilən ssenariyə hazırdı:

“Çoxlu oyun keçirmişəm, bir neçə qənimət qazanmışam. Ancaq heç vaxt premyer-liqanın qalibi olmamışam. Ya bəlkə olmuşam? Bundan sonra nələrin baş verəcəyini bilmirəm. Ancaq düşünürəm ki, Müstəqil komissiyanın qənaəti doğrudu”.

İspaniyalı futbolçu 2017/18 mövsümü üçün çempionluğa ümid edə bilər. Bir qədər əvvəl də xatırlatdığımız kimi, onda MY “Siti”dən 19 xal geri qalmaqla 2-ci yeri tutmuşdu.

Əvəzində indi “Tottenhem”in şərəfini qoruyan, “Liverpul”un sabiq müdafiəçisi Endryu Robertson belə qənimətlər əldə etmək istəmir:

“Siti”nin futbolçuları yaşıl meydanda mənə yetərincə yaxşı olduqlarını sübut ediblər. Bu ittihamlarla bağlı o qədər də çox şey bilmirəm. Ancaq “Siti”nin qeyri-adi komandası var idi, bu komandaya qarşı oynamaq xoşuma gəlirdi”.

Onu da xatırladaq ki, “Mançester Siti”nin Müstəqil komissiyanın qərarından oktyabrın 2-dək apellyasiya şikayəti vermək hüququ var.

Reaksiyalar
Riçard Masters, İngiltərə Premyer-Liqasının icraçı direktoru:
“Əsas qərar bu dövr ərzində “Mançester Siti”də başverənlərin faktlarını müəyyənləşdirir. Bu, klubun təxminən 10 il ərzində Premyer Liqa Qaydalarını sistemli şəkildə necə pozduğunu təfərrüatı ilə ortaya qoyur. Bu həm də İPL-in “Mançester Siti”yə qarşı bu işi davam etdirmək qərarının haqlı olduğunu sübut edir. İndiyəqədərki proses həm uzun, həm də çətin olsa da, İPL faktların müstəqil şəkildə müəyyən edilməsində qərarlı idi. Klubların özləri tərəfindən təsdiqlənmiş Qaydaların yarışın dürüstlüyünü qorumaq üçün icra olunmasını təmin etmək İPL-in əsas məsuliyyətidi. Liqanın bütün klublar və azarkeşlər üçün rəqabətli və ədalətli qalması son dərəcə vacibdi. Biz bu rola son dərəcə ciddi yanaşırıq. Bu intizam işi və bu qərar İPL tarixinin ən mühüm hadisəsidi. İşin hələ də həll olunmamış elementləri var, o cümlədən, ən əsası, bu qayda pozuntularına görə hansı sanksiyanın tətbiq olunacağı məsələsi.
Artıq Müstəqil komissiyanın qərarı əlimizdə olduğuna görə İPL, klublar və azarkeşlər üçün müəyyənlik təmin etmək məqsədilə prosesin qalan hissəsini sürətlə tamamlamağa sadiqik”.


Pep Qvardiola, MS-nin sabiq baş məşqçisi:

“Mən bütün dünyada hər bir “Mançester Siti” azarkeşinin bilməsini istəyirəm: mən burdayam – indi həmişəkindən daha güclüyəm. Mən həmişə klubumun, onun sahibinin, baş direktor Ferran Sorianonun, oyunçuların, işçilərin, Entso Mareskanın və sizin – bizim bənzərsiz azarkeşlərimizin yanında olmuşam, varam və olacağam. Tam aydın demək istəyirəm: biz bundan birlikdə keçəcəyik. Hamınızı sevirəm”.