Deyəsən, İngiltərə futbolunda çoxdan gözlənilən böyük qalmaqal tezliklə reallaşacaq. Futbolun vətənində uzun sürən təhqiqat sona çatıb. Nəticə isə “Mançester Siti” üçün olduqca pisdi…
"Football-plus.az" xəbər verir ki, nəhəng klub İngiltərə Premyer-Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib. Bu haqda “The Athletic”in məşhur jurnalisti Devid Ornşteyn məlumat yayıb. Onun sözlərinə görə, müstəqil komissiya klubun 115 ittihamın 114-ü üzrə təqsirli olduğuna qərar verib. Qeyd edək ki, Premyer-Liqa 2023-cü ilin fevralında “Siti”yə 2009/10-2017/18 mövsümləri arasındakı dövrə aid 115 ittiham irəli sürmüşdü. Klub dəqiq maliyyə məlumatları təqdim etməməkdə, futbolçular və məşqçilərə ödənişlərlə bağlı yanlış məlumat verməkdə, UEFA-nın maliyyə qaydalarını və Premyer-Liqanın gəlirlilik və dayanıqlılıq tələblərini pozmaqda ittiham olunurdu. MS bütün ittihamları növbəti dəfə rədd edib. Klubun mövqeyinə görə, proses hələ sona çatmayıb və qərardan apellyasiya veriləcək.
Sanksiyalarla bağlı isə hələ qərar qəbul edilməyib. Komandanın premyer-liqadan kənarlaşdırılma da daxil olmaqla müxtəlif sanksiyalara məruz qalmaq ehtimalı var. Müqayisə üçün xatırladaq ki, yaxın keçmişdə - 2023/24 mövsümü ərzində yol verilən qayda pozuntularına görə “Everton” və “Nottingem Forest”in hesabından müəyyən qədər xal çıxılmışdı. “Siti”də vəziyyət isə çox ciddidi. Bu klubun ardıcıl 9 mövsüm maliyyə qaydalarının ziddinə getdiyi sübut olunub. Sanksiyalar bir müddət sonra – böyük ehtimalla mövsüm sona çatanda açıqlanacaq. Bu, prosesin ayrıca mərhələsidi. Klub istənilən sanksiyaya qarşı apellyasiya verəcək, klubun bunun üçün qərarlardan sonra 14 gün vaxtı olacaq. Şikayətə isə üç nəfərdən ibarət yeni komissiya baxacaq. Bəzən apellyasiya effektiv olur. Məsələn, iki il əvvəl “Everton”a kəsilən 10 xallıq cəza 6 xala endirilmişdi.
Amma “Siti”nin dərdi yalnız İngiltərə Futbol Assosiasiyasının qərarlarına qarşı mübarizə aparmaqla da bitməyə bilər. Belə ki, premyer-liqada iştirak edən klublar MS-ni məhkəməyə verməyi planlaşdırırlar. “The Athletic”in yazdığına görə, artıq bir neçə klub hansı təzminata iddia edə biləcəklərini müəyyən etmək üçün vəkillər tutub.
“Mançester Siti”ni hansı sanksiyalar gözləyir?
Dünya futbolu






