“Bu məqam bizi yox, Azərbaycanı daha da motivasiya edəcək” – Yankauskas Valdas Dambrauskasla görüşəcək

3.10.2026 17:12 126
Ölkə futbolu / Manşet
Sabah yığmamız Millətlər Liqasının D liqasında Litvanı qəbul edəcək. Qonaqların baş məşqçisi Edqaras Yankauskas bu gün mətbuat konfransı keçirdi. Mətbuat konfransı deyəndə ki...

Salonda yalnız “Futbol+” ilə “CBC Sport”un əməkdaşları, bir də iki qonaq jurnalist var idi. Yankauskas sözə belə başladı:

- Bu oyun bizim üçün önəmlidi. Güclü rəqiblə qarşılaşırıq. Kaunasdakı oyundan sonrakı müddətdə lazımi şəkildə çalışmışıq.

- Həmyerliniz Valdas Dambrauskas “Sabah”da uğurlu nəticələrə imza atıb. Sizin onunla bu oyundan öncə əlaqəniz olub?
- Bəli, Valdasla danışmaq imkanım olub. Siz ona təşəkkür etməlisiz, Azərbaycan futbolunu üst səviyyəyə qaldırıb. Eyni zamanda, “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanması klub üçün tarixi hadisədi. Onun təcrübəsindən istifadə etmək lazımdı. O, yalnız futbol oynatmır, həm də oyuna yeni mədəni yanaşma tətbiq edir. Ola bilər ki, bu gün Valdasla görüşüb, danışmaq imkanımız olsun.

- Azərbaycanın qrupun zəif bəndi kimi görünən Lixteynşteynlə oyunda xal itirməsi sizdə əlavə motivasiya yaratdı?
- Bu məqam bizi yox, Azərbaycanı daha motivasiya edəcək. Onlar uğursuzluqa düçar oldu və daha güclü hazırlaşmağa başlayacaqlar. Bunu kompensasiya etməyə çalışacaqlar. Bizə qarşı daha yaxşı oynamaq istəyəcəklər.

- Andorra ilə yoxlama oyununda rotasiyaya əl atmışdız. Bu dəfə həmin futbolçulara şans verməyi düşünürsüz?
- Hər oyunçunun sabah şansı olacaq. Bu fikir Azərbaycan üçün də keçərlidi. Hər iki komanda rotasiyalara əl ata bilər.

İSRAYIL XEYRULLAYEV