Millətlər Liqasındakı növbəti rəqibimiz Litva sentyabrın 30-da Kaunasda Andorra ilə yoldaşlıq görüşünə çıxıb. Litva bu oyunda 3:0 hesablı qələbə qazanıb. 21-ci dəqiqədə Manfredas Ruzgis penalti zərbəsindən fərqlənərək hesabı açıb. Faustas Steponaviçius 27-ci və onu əvəz edən Armandas Kuçis 90+3-cü dəqiqədə fərqi artırıb. Edqaras Yankauskas yığmamızla görüşdən fərqli bu matçda tam ayrı start heyətinə şans verib. Belə ki, baş məşqçi Azərbaycan yığması ilə görüşdə bu “11-liy”ə şans vermişdi: 23. Cyuqas Bartkus, 18. Vilyus Armalas, 3. Edqaras Utkus, 2. Artemiyus Tutişkinas, 21. Adrian Litusknas 16. Lukas Mixelbrink 15. Qvidas Gineytis, 13. Yuskas Lasitskas (k), 14. Vikintas Slivka, 7. Artur Doljnikov, 10. Armandas Kuçis.
Kaunasdakı oyunun gedişində Moteyus Burba, Modestas Vorobyovas, Domantas Şluta, Eligiyus Yankauskas və İqnas Venskus da meydana çıxmışdı.
Yığmamızla oktyabrın 4-də Bakıda keçiriləcək oyunu göz önünə alan Yankauskas Andorra ilə oyunda meydana tam fərqli “11-lik” buraxıb: 12. Tomas Şvedkauskas, 17. Deyvidas Maljinskas, 20. Rokas Lekiatas, 5. Kipras Kajukolovas, 22. Moteyus Burba, 8. Domantas Şluta, 6. Modestas Vorobyovas, 4. Jigimantas Baltrunas, 24. Faustas Steponaviçyus, 9. Manfredas Ruzgis 11. Eligiyus Yankauskas.
Göründüyü kimi, yığmamıza qarşı ilk dəqiqələrdən oynayan heyətdən əsər-əlamət yoxdu, yəni baş məşqçi 11 futbolçunun hamısını dəyişib. Sonradan meydana bu futbolçular da çıxıb: Artemiyus Tutişkinas, Vilyus Armalas, Adrian Litusknas, Lukas Mixelbrink, Vikintas Slivka, Yuskas Lasitskas, Armandas Kuçis, Artur Doljnikov, İqnas Venskus.
Rəqibin baş məşqçisi Edqaras Yaunkaskas bu oyunla bağlı fikirlərini bölüşüb: “Belə oyun həqiqətən də bizə özünəinam verir. Yaxşı matç keçirdik, uzun müddətdi görmədiyimiz futbolçulara şans vermək imkanımız oldu, debütantlar da meydana çıxdı. Azərbaycanla qarşıdakı oyun ərəfəsində bizə inam verən uğurlu matç oldu. Oyuna tam nəzarət etdik, inamlı oynadıq, iki futbolçumuz milli komandada debüt qolunu vurdu. Deyə bilərik ki, həm emosional, həm də fiziki baxımdan yaxşı vəziyyətdəyik. Rotasiyalar etmək imkanımız oldu. Məncə, bu, inamlı qələbə idi. Həmçinin “Vytis” fanklubuna təşəkkür etmək istəyirəm. Onlar bizi fasiləsiz dəstəklədi. Vaxt tapıb, bizi dəstəkləməyə gələn adamlara təşəkkür edirəm. Bu, bizim üçün çox vacib idi”.
Baş məşqçi komandanın oyuna düzgün yanaşma ilə çıxdığını, futbolçuların tapşırıqları yerinə yetirdiyini də bildirib: “Komandam əzmkar çıxış etdi, diqqətli oynadı və oyun planımızı həyata keçirdi. Bəzi taktikalarımız var idi ki, bəlkə də son oyunda onları yerinə yetirə bilməmişdik. Amma bu dəfə hər şey yaxşı alındı. Təhlükəli vəziyyətlər yaratmağı və həmin taktiki planların birinin nəticəsində qol vurmağı bacardıq.
Bazar gününə gəlincə, bütün futbolçuların oynamaq şansı var. İki ayrı heyətimiz var. Futbolçular göstərdilər ki, lazımi bacarığa malikdilər və fiziki cəhətdən hazırdılar”.
Yankauskas penaltini Ruzgisə tapşırması haqda da danışıb: “Bu riski öz üzərimə götürdüm. O çıxış etdiyi klubda artıq bir neçə dəfə penaltidən fərqlənib. Düşünürəm ki, hücumçular belə zərbələri yerinə yetirməlidilər. Gördüm ki, heç kim ciddi etiraz etmir, top uğrunda mübarizə aparmır. Hesabın hələ 0:0 olduğunu nəzərə alsaq, bu, yetərincə böyük məsuliyyət idi. O isə bunun öhdəsindən gəlməyi bacardı”.
İSRAYIL XEYRULLAYEV
Litva millisi əsas oyunçularını bizim üçün saxladı
Ölkə futbolu






