“Sabah” sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Hapoel”lə qarşılaşacaq.
Komandanın baş məşqçisi Valdas Dambrauskas bu gün mətbuat konfransı keçidi.
- Bu, Buxarestdəki oyunun davamıdı. Ötən matçda etdiyimiz səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm. İnanıram ki, sabah qalib gələcəyik.
- “Sabah” əvvəlki ev oyunlarını burda yox, “Bank Respublika Arena”da keçirib. Bu stadionda oynamaq komandanın oyun tərzinə təsir edəcək?
- “Bank Respublika Arena” azarkeşlər üçün yetərli deyildi. Oyunçularım peşəkardı. Bizim üçün bunun fərqi yoxdu. Bu stadionda həm heç-heçə etmişik, həm də qələbə qazanmışıq. Bura bizim üçün tanış stadiondu. Əminəm ki, azarkeşlər möhtəşəm atmosfer yaradacaqlar.
- Bu uğuru Dambrauskasın karyerasının ən uğurlu nəticəsi hesab etmək olar?
- Mənim üçün bu, sadəcə, növbəti oyundu. Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. İnanıram ki, mükəmməl vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən başlayan bəzi komandalar bunu bacarmadı. Hazırda hesab rəqibin xeyrinədi və onlar bundan istifadə etməyə çalışacaqlar. Biz rəqibi təhlil etmişik. Mənim əsas diqqətim sabahkı oyunun əhəmiyyətindədi.
- Komandanızda əsas dəyişikliyi nədə görəcəyik?
- Bu haqda danışmaq istəmirəm. İlk oyunda rəqibin mövqeləri ilə bağlı bəzi səhvlər buraxdıq. Daha həvəsli oynamalıyıq. İlk matçda bəzi imkanlarımızdan istifadə edə bilmədik. “Qarabağ”ın oyununda da belə hallar olur. Rəqibin oyununu yüksək qiymətləndirirəm. Bəlkə də bəzi məqamlarda bəxt də rol oynadı. Xüsusilə ikinci qolda bəxt amilinin təsiri daha çox oldu. Onlar daha çox çalışdılar. Biz də boşluqlarımızı doldurmağa çalışdıq. Ümid edirəm ki, sabah səhvlərimizi təkrarlamayacağıq.
- Oyunun əlavə vaxta getməsinə hazırlaşmısız?
- Buna hazır olmalıyıq. Ola bilər ki, oyun uzansın. Amma inanıram ki, 90 dəqiqə ərzində bu məsələnin həllini tapa biləcəyik.
İSRAYIL XEYRULLAYEV
“Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm” – Valdas Dambrauskas
Avrokuboklar / Manşet






