“Fənərbaxça” “Marriott”u seçdi, anşlaq olacaq! – özəl detallar

2.10.2026 22:56 297
Ölkə futbolu
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”la “Fənərbaxça” arasında keçiriləcək yoldaşlıq görüşünə maraq böyüldü. “Football-plus.az” bəzi son detalları da təqdim edir.

Oyuna 25 minə yaxın bilet satılıb. Bu isə stadionun tam dolacağına və tribunalarda anşlaq yaşanacağına işarədi.

Bu gün saat 17.45-də Bakıya çatan “Fənərbaxça” hava limanında böyük izdihamla üzləşib. “Sarı-lacivərdlilər” hava limanından birbaşa “Marriott Boulevard” otelinə yollanıb. Bakıya gələn heyətdə Ederson, Mert Günok, Nelson Semedo, Marko Asensio, Matteo Genduzi, Nqolo Kante, Meyson Qrinvud kimi ulduzlar da yer alıb. Oyunu işıqlandırma üçün Türkiyədən Bakıya 25 jurnalist gəlib.

Stadionda azarkeşlər baxımından da xüsusi atmosfer gözlənilir. Türkiyədən gələn “Fənərbaxça” tərəfdarları ilə yanaşı, Azərbaycanda yaşayan və İstanbul klubunu dəstəkləyən fanatlar da bir araya gələcək. Əldə etdiyimiz məlumata görə, “sarı-lacivərdlilər” xüsusi xoreoqrafiya hazırlayıb. Sabah həmin xoreoqrafiyanın stadionda nümayiş etdirilməsi gözlənilir.

Rəqib bu gün Türkiyədə məşq keçdikdən sonra Bakıya yollanıb. Matçdan öncə məşq nəzərdə tutulmayıb.

İSRAYIL XEYRULLAYEV