İki peşəkar futbolçu, efirdən eşidilən söyüşlər...

2.10.2026 19:50 18
Ölkə futbolu
Kaunasda xal itirən yığmamızın bu dəfə qələbə qazanacağı gözlənilirdi. Amma stadiona toplaşan azarkeş sayı əsasında mühakimə yürütmək olar ki, azarkeşlər yığmadan əlini üzüb, heç Lixtenşteyn üzərində də qələbə gözləmirmiş...

Bizə çatan bilgiyə görə, oyuna təxminən 4 500 bilet satılmışdı. Tribunalara toplaşan azarkeş sayı bundan da az idi. Heç gələnlər də komandanı mütəşəkkil şəkildə dəstəkləmirdi. Yığmanın zəif çıxışı və təkəm-seyrək imkanlardan yararlana bilməməsi bəzi azarkeşlərin narazılığına səbəb oldu. Tribunalardan futbolçuların ünvanına kobud ifadələr də səslənirdi. Hətta azarkeşlərdən biri futbolçulara “formanı çıxarıb, gedin”, - deyə səsləndi.

Kobud ifadədən söz düşmüşkən, stadionda azarkeş az olduğundan teleyayın zamanı yığmamızın futbolçularının işlətdiyi ən ədəbsiz söyüşlər də açıq-aydın eşidilirdi.

0:0 bitən oyundan sonra tam fərqli mənzərənin şahidi olduq. Qonaq futbolçular (onlardan yalnız ikisi peşəkar idi - qapıçı Benyamin Buxel və kapitan Nikolas Hasler) 1 xalı böyük sevinc içində və bayram ab-havası ilə qeyd edirdilər. Onlar formalarını azyaşlı azarkeşlərə hədiyyə etdilər, daha sonra paltardəyişmə otağına yollanaraq orda da şadyanalığı davam etdirirdilər.

Bildiyimə görə, rəqibin paltardəyişmə otağında hətta heç-heçə münasibətə ilə tort da kəsilib. Beləliklə, bu oyun Lixtenşteyn futbol ictimaiyyətinə sevinc yaşatdı, biz isə xəcalətdən gizlənməyə yer axtardıq.

İSRAYIL XEYRULLAYEV