Doğrudan Gəncədə 15 min azarkeş var idi? - real görünməyən rəqəmin izi ilə

7.09.2026 13:49 1 324
Ölkə futbolu / Manşet
“Kəpəz” - “Şamaxı” oyununda azarkeş sayı baxımından mövsümün yeni rekordunu müəyyənləşdi. Belə ki, PFL-in saytında yer alan protokola inansaq, Gəncə şəhər stadionunda keçirilən oyunu 15 min tamaşaçı izləyib. Bununla da bir neçə gün əvvəl “Turan Tovuz”la matçda qeydə alınan 13500 nəfərlik göstərici yenilənib.

Ancaq 15 minlə bağlı bəzi suallar yaranır. Belə ki, oyundan bir gün əvvəl “Kəpəz” tərəfindən 7 min biletin satıldığı açıqlanmışdı. Klubun sosial media hesabında da 7 min biletin satılması barədə məlumat paylaşılmışdı. Bundan əvvəl sentyabrın 2-də, yəni oyuna iki gün qalmış, 4 mindən çox biletin satıldığı bildirilmişdi. Maraqlıdı ki, cəmi bir gün ərzində 8 min bilet satılıb.

Oyunun başlamasına təxminən iki saat qalmış elektron bilet sistemində hələ minlərlə boş yerin göründüyü müşahidə olunurdu. Yəni stadionun tam dolması üçün 8 min biletin çox qısa müddət ərzində satılması lazım idi. Digər tərəfdən, stadionda vəziyyət göz qabağında idi: tribunalar dolu, atmosfer isə möhtəşəm idi. Deməli, 15 min rəqəminin özü stadiondakı görüntü ilə ziddiyyət təşkil etmir. Əksinə, Gəncə futbol ictimaiyyətinin bu oyuna böyük maraq göstərdiyi açıq şəkildə görünürdü.

Burada başqa bir ehtimal ortaya çıxır: matçın gedişində, yaxud oyuna yaxın saatlarda elektron sistemdə satılmamış görünən yerlərə bilet məsələsi fərqli formada həll edilibmi? Bilet satışından kənar şəkildə stadiona əlavə tamaşaçı buraxılıbsa, bu, 15 minlik rəqəmin necə formalaşdığını izah edə bilər. Amma efirdə görünən mənzərə stadionda 15 min azarkeşin olduğuna inanmağa əsas vermirdi. Həm də “Kəpəz” indi azarkeş sayı ilə bağlı rekordların yox, qələbənin arxasınca qaçsa, daha yaxşı olar!

İSRAYIL XEYRULLAYEV