"Dalğa Arena"da 2000 oturacaq niyə boş qaldı?

10.09.2023 19:41 1 670
Yığma / Manşet
Dünən millimiz AÇ-2024-ün seçmə mərhələsində Belçikanı qəbul etdi.

Yığmamızın 0:1 hesabıyla məğlub olduğu matça 4900 bilet satıldığını xəbər vermişdik. Qalan yerlər isə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə və rəqib azarkeşlər üçün ayrılmışdı. Maraqlıdı ki, 6500 yerlik "Dalğa Arena"da izləyici sayı gözləniləndən az görünürdü. Daha sonra bəlli oldu ki, qarşılaşmanı cəmi 4500 azarkeş izləyib. Hətta gözəyarı təxminlərə əsasən sayın daha az olduğunu iddia edə bilərik.

Görəsən, bunun səbəbi nədi? Oyuna 4900 bilet satılmışdısa, niyə azarkeş sayı 4500 olub?

Bu sualı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Rəsmi saya əsasən, həqiqətən 4900 bilet satılmışdı. Görünür, azarkeşlər bilet alsa da, stadiona gəlməyib. Bu, onların öz qərarıdı. Boş tribunaların say çoxluğuna gəlincə, bəzi oturacaqlar müəyyən məqsədlər üçün ayrılmışdı. Millimizin texniki zonasının yuxarısındakı yerlər əsas heyətə düşməyən futbolçular və texniki zonada əyləşməyən işçilər üçün nəzərdə tutulmuşdu".

KƏNAN BAHADIR