Montellanın təzminatı bəlli oldu - TFF onu buna görə qovmur?

2.10.2026 14:12 342
Dünya futbolu
Hər zaman məşqçilərə qarşı səbirsizlik nümayiş etdirən Türkiyədə yığma komandanın baş məşqçisi Vinçentso Montellanın son uğursuzluqlara rəğmən hələ də vəzifəsində qalması yavaş-yavaş ciddi müzakirə mövzusuna çevrilir.

Normal şərtlərdə ''ay-ulduzlular''ın baş məşqçisi hələ dünya çempionatındakı fiaskodan sonra qovulmalı idi. Amma Türkiyə Futbol Federasiyası italiyalı mütəxəssislə yola davam etməyə qərar verdi. Türkiyənin Millətlər Liqasında ilk dəfə iştirak etdiyi A liqasına çox uğursuz start verməsi də hələ ki, Montellanın qovulması üçün yetərli deyil. Hətta italyanlar özləri də artıq bunu təəccüblə qarşılayırlar. Son olaraq İtaliyaya evdəki 1:4 hesablı məğlubiyyətin ardından italiyalı jurnalistin Montellaya ''Bolonyada sizi görə biləcəyikmi'' sualını ünvanlaması onların hər ikisinin gülümsəməsinə səbəb oldu.

Türkiyə oktyabrın 5-də Bolonyada İtaliya ilə qarşılaşacaq.

Bu arada türkiyəli həmkarlarımız Montellanın təzminatına dair detalları üzə çıxarıblar. 52 yaşlı məşqçinin hazırda illik maaşı 2,2 milyon avrodu. Daha öncə bu məbləğ 1,8 milyon avro idi. Amma ötən il federasiya maaşı artırdı. Montellanın müqavilə müddəti isə 2028-ci ilin iyulun 31-nə qədərdi. Yəni AÇ-2028-dən dərhal sonra başa çatacaq. Bu da o deməkdi ki, Montella indi qovulsa, müqaviləsinin sonuna qədər olan müddət nəzərə alındıqda federasiya ona 5 milyon avroya yaxın təzminat ödəməli olacaq!

İddialara görə TFF-ni bu məşqçi ilə yola davam etməyə vadar edən əsas məqam məhz budu. Montella özü istefa verəcəyi təqdirdə isə ona heç bir təzminat ödənilməyəcək.