Futbolumuza xoş gəldin, Xankəndi! - YAZI

20.11.2026 19:57 0
Yazarlar / Manşet
Dünən ölkə futbolunda daha bir tarixi hadisə yaşandı. Belə ki, Xankəndi şəhər stadionunda ilk çempionat matçı keçirildi. Şəhərin adını daşıyan komanda "Karvan-Yevlax"ı qəbul etdi. Belə əlamətdar hadisəyə canlı şahidlik etmək bizə də qismət oldu. Oyunu yerindən izləmək üçün dünən səhər saat 8-də "Xankəndi"nin təşkilatçılığı ilə Bakıdan stadiona bir qrup jurnalist yollandı...

Hələ Xankəndidə əhali sıx məskunlaşmayıb. Sakinlərin əksəri Qarabağ Universitetində təhsil alan tələbələr və burda vətənə xidmət edən hərbçilərdi. Evlər, binalar, iaşə obyektləri sıx inşa edilməyib. Stadiona yaxınlaşdıqca, ətraf əraziləri izlədikcə qəhrəman ordumuzun hansı çətinliklərlə bu yerləri düşmən tapdağından azad etdiyini düşünməmək mümkün deyildi... 

Xankəndidə təbiət insanlara daha yaxındı. Elə hava şəraiti də futbol üçün uyğun idi. Odu ki, nə komandaların çıxışına, nə də azarkeşlərin rahatlığına hansısa maneə yarandı. Yenidənqurma işlərindən sonra ən müasir standartlara cavab verən stadion da öz yerində. Düzdü, tribunalar tam dolu deyildi. Ancaq "Xankəndi"nin "Zəfər Ultras", "Karvan-Yevlax"ın "Sarvanlar" fanklubu oyun ərzində sevimli komandalarından dəstəyini əsirgəmədi. 44-cü dəqiqədə, nəhayət, Xankəndidə də "Şəhidlər ölməz, Vətən bölünməz" şüarının əks-sədası səmaya ucaldı!

Stadionda xüsusi qonaqlar da var idi. Söhbət Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanovdan gedir. Matçdan əvvəl Dövlət Himni, ardından "Xankəndi" üçün bəstələnmiş marş səsləndirildi. Topa ilk toxunuşu isə 44 günlük Vətən müharibəsinin şəhidi Fikrət Məmmədovun oğlu İbrahim etdi. Oyundan əvvəl həm də diktor Sənan Şəfizadə tamaşaçılara Vətən müharibəsi haqda tarixi məqamları xatırlatdı, Xankəndinin işğaldan azad edilməsi ilə bağlı danışdı... Tribunalarda gənclər və idman naziri Fərid Qayıbovu, PFL-in prezidenti Elxan Səmədovu, vitse-prezidenti Aslan Şahgəldiyevi, texniki-idman direktoru Elgiz Abbasovu və Media və Marketinq direktoru Sənan Abdullayevi də gördük.

"Xankəndi" uduzduğundan meydan sahibləri üçün möhtəşəm başlayan gün pis sonluqla başa çatdı. Lakin buna görə üzülməyə dəyməz. Bunu komanda da yaxşı dərk edir. Axı Xankəndidə bu şəhəri təmsil edən komandanın meydana çıxması təkcə futbolumuzun yox, tariximizin ən mühüm hadisələrindən biri oldu və belə əlamətdar hadisə ilə bağlı istənilən halda pozitiv düşünməyə dəyər!

Bəli, bu stadionda oyunlar olub, heyətində ermənilərin tam çoxluq yaratdığı Stepanakert “Qarabağ”ı oynayıb. O günlər artıq arzuolunmaz tarixdi. Futbolumuza xoş gəldin, Xankəndi!

KƏNAN BAHADIR