Millətlər Liqasında 2-ci turun oyunları keçirilir. Sentyabrın 28-də İzmirdə A Liqasına məğlubiyyətlə start verən iki komanda - Türkiyə ilə İtaliya qarşılaşacaq.
Bu arada baş məşqçi Roberto Mançinin qərarı ilə İtaliyanın Türkiyəyə fərqli heyətlə gələcəyi məlum olub. Daha doğrusu Mançini bu ''pəncərədə'' hələ daha iki oyunun olduğunu nəzərə alaraq 10 futbolçuya istirahət hüququ verib. Söhbət Honest Ahanor, Nikola Barella, Dieqo Koppola, Samuele İnasio, Eddi Kuadio, Daniele Maldini, Canluka Mançini, Massimo Pessina, Samuele Riççi və Məhəmməd Əli Zomadan gedir. Bu oyunçular Türkiyəyə yollanmayacaqlar və İtaliyanın Koverçianodakı bazasında məşq etməkdə davam edəcəklər.
Bundan başqa Nikolo Zanyolo da Türkiyə və Fransaya qarşı oyunları zədə üzündən buraxacağı üçün Mançininin icazəsi ilə yığma komandanın düşərgəsini tərk edib.
Xatırladaq ki, Türkiyə ilk oyunda evdə Fransaya (0:1), İtaliya isə evdə Belçikaya (0:2) məğlub olub.
İtaliya bu 10 futbolçunu Türkiyəyə gətirməyəcək
Dünya futbolu






