Bu gün iki elita klubunun baş məşqçisi debüt edəcək - Bakıda və Qəbələdə oyun var

27.09.2026 15:18 279
Ölkə futbolu
Düzdü, bu gün Millətlər Liqasının D liqasında Litva - Azərbaycan oyunu keçiriləcək. Bu üzdən gözümüz-qulağımız matçın keçiriləcəyi Kaunas şəhərində olacaq. Lakin premyer-liqa klublarını da diqqətdən kənarda qoymaq olmaz. Ona görə ki, bu gün iki yoxlama görüşü var.

"Football-plus.az"ın məlumatına görə, ilk matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. Burda "Araz-Naxçıvan" "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 16.00-da start götürəcək. "Qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov bu görüşdə qeyri-rəsmi debüt edəcək. Bildirək ki, naxçıvanlılar 2 xalla sonuncu, "pələnglər" 4 xalla 8-ci sırada qərarlaşıb.

İkinci oyun Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası 1-ci liqa iştirakçısı "Karvan-Yevlax"ı qəbul edəcək. Bu matçda isə "qırmızı-qaralar"ın yeni çalışdırıcısı Yeton Bekirinin qeyri-rəsmi debütü olacaq. Oyun saat 16.30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" 4 xalla 9-cu yerdədi. "Karvan-Yevlax" isə 1-ci liqada 6 xalla 4-cü pillədədi.

KƏNAN BAHADIR