Millimiz Tacikistanı necə məğlub edə bildi? - REPORTAJ

26.09.2026 23:38 45
Reportaj
Yoldaşlıq oyunu
Azərbaycan – Tacikistan 1:0 (0:0)

Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov (15. Murad Xaçayev, 46), 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov (26. Edqar Adilxanov, 63), 14. Elvin Bədəlov, 7. Toral Bayramov (3. Rüfət Abbasov, 77), 6. Abdulla Xaybullayev (5. Fərid Yusifli, 70), 8. Emin Mahmudov (k) (13. Emil Səfərov, 46), 20. Aleksey İsayev (11. Bədavi Hüseynov, 63), 21. Rəhim Sadıxov (10. Mahir Emreli, 46), 22. Musa Qurbanlı (9. Renat Dadaşov, 63).
Ehtiyat oyunçular: 23. Rəvan Mirzəmmədov, 12. Aydın Bayramov, 16. Anatoli Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 24. Rüfət Abdullazadə, 25. Oruc Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.

Tacikistan: 23. Oleq Baklov, 2. Zoir Curaboyev, 3. Tabrez İslomov (22. Şahrom Samiyev, 79), 5. Saloxiddin İrqaşev (25. Furkon Rahimzoda, 59), 6. Vahdat Hanonov, 7. Parvizcon Umarbayev (11. Muxamadcon Raximov, 79), 9. Rustam Soirov (14. Şeriddin Boboyev, 46), 10. Alişer Calilov (k) (8. Amirbek Juraboyev, 59), 15. Şervoni Mabatşoyev (17. Nozim Babacanov, 70), 18. Alişer Şukurov (21. Fatxullo Olimzoda, 70), 20. Alican Karomatullozoda (4. Sodikcon Kurbonov, 79).
Ehtiyat oyunçular: 1. Rustam Yatimov, 16. Daler Azizov, 12. Mexrubon Karimov, 13. Abdusamed Melikmurodov, 19. Akhtam Nazarov, 24. Muso Kaxorov, 26. Azizbek Xaitov.
Baş məşqçi: İqor Angelovski.

Qol: O.Baklov, 58-öz qapısına.
Vərəqələr: A.Şukurov, 57. E.Səfərov, 73. E.Adilxanov, A.Karomatullozoda, 76 – sarı.
Hakimlər: ROMAN JİTAR, Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova), Kamranbəy Rəhimov (Azərbaycan).
VAR hakimi: Abduraşıd Xudoyberganov (Özbəkistan).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Azərbaycan).
23 sentyabr. Bakı. “Palms Sports Arena”. 3000 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

7 (3) qapıya (“çərçivə”yə) zərbə 9 (3)
4 künc zərbəsi 3
2 ofsayd 1
17 qayda pozuntusu 21
54 topa sahibolma (faizlə) 46

Adətən, yoldaşlıq oyunlarında nəticəyə o qədər də önəm verilmir. Komandalar müəyyən eksperimentləri sınaqdan keçirməklə uğurun formulunu tapmağa çalışır. Amma komandaların daha çox qələbə qazanmağa köklənəcəyi ilk dəqiqələrdən özünü büruzə verdi. Əlbəttə, buna görə nə millimizi, nə də Tacikistanı qınamaq olar. Ona görə ki, bizimkilər Millətlər Liqasında, rəqib isə Asiya Kubokunda uğur qazanmaq istəyir.

Artıq 1-ci dəqiqədə Saloxiddin topu cərimə meydançasının həndəvərindən tora qovuşdurmaq istəsə də, qeyri-dəqiq oynadı. Bir qədər sonra Eminin cəhdi uğursuz oldu: penalti nöqtəsi yaxınlığından bəxtini sınayan kapitan yöndəmsiz zərbə ilə yadda qaldı. Çox keçmədən Musa da kobud səhv etdi. Baklovla üz-üzə qalan hücumçu “çərçivə”ni nişan almaq əvəzinə ona təzyiq göstərən Vahdatı aldadmaq eşqinə düşüncə fürsəti boşa verdi. O başqa məsələ ki, bu epizodda ofsayd qeydə alındı. 24-cü dəqiqədə rəqib hesabı açmağa yaxın idi. Yaxşı ki, Tellur “kürə”nin Vahdata çatmasına imkan vermədi, onun başla ötürməsindən sonra top Emildə qaldı. 37-ci dəqiqədə Toral baxımlı qol vurmaq şansını qaçırdı. Baklov onun qüvvətli zərbəni zərərsizləşdirdi. Birinci hissədə sonuncu təhlükəli an 44-cü dəqiqədə yaşandı. Musanın qeyri-dəqiqliyi yığmamızın paltardəyişmə otağına hesabda öndə yollanmasına mane oldu.

Komandalar ikinci yarıya əvəzetmələrlə başladı. Yığmanın heyətində Mahir, Murad və Emil Səfərov meydana çıxdısa, Emin, Rəhim və Rəhman texniki zonaya gəldi. Mahir hissənin əvvəlində iki dəfə fərqlənməyə yaxın oldu. Onun ilk zərbəsini qapıçı, ikinicini isə Hanonov dəf etdi. Xoşbəxtlikdən yığmamızın növbəti hücumu qolla nəticələndi. Daha dəqiqi, Şukurovun Abdullaya qarşı kobud müdaxiləsi üzündən təyin edilən cərimə zərbəsini Toral yerinə yetirdi. O, təxminən 25 metr məsafədən fərqlənmək istəyirdi ki, tirə dəyən top Baklova toxunandan sonra qapı xəttini keçdi. Ardından bir müddət mərkəzdə davam edən mübarizə sona yaxın yenidən qızışdı. 86-cı dəqiqədə Mahirin növbəti cəhdinə şahidlik etdik. Bəxtsizlikdən bu dəfə də hücumçunu Curaboyevin müdaxiləsi dayandırdı. Şeriddinin qeyri-dəqiq zərbəsindən sonra Emreli daha bir uğursuzluqla üzləşdi. Onun 90+3-cü dəqiqədə Baklovla top uğrunda mübarizəyə girişməsi zədələnməsi ilə nəticələndi.

İstənilən halda, millimiz lazım olan qələbəni qazana bildi. Deməli, Litvanın önünə daha inamlı çıxmaq olar!

KƏNAN BAHADIR