''Fənərbaxça'' camiəsi dünən şok bir xəbər aldı. Belə ki, FİFA-nın transfer cəzası alan klubların yenilənmiş siyahısında İstanbul nəhənginin də adı peyda oldu. Orda 26 sentyabr tarixindən etibarən ''Fənər''ə 3 dönəm üçün transfer cəzası verildiyi açıqlandı. Amma bildirildi ki, borc ödənildiyini andan etibarən cəzanın aradan qaldırılması mümkündü.
Nəhayət, bu gün klubdan fanatlar arasında ciddi narahatlığa səbəb olan bu məsələ ilə bağlı rəsmi açıqlama gəldi. Məlum oldu ki, ''Fənər'' Yussef Ən-Nəsiriyə görə cəzalanıb. Mərakeşli forvardın transferi üçün bu ilin aprelin 30-da ''Sevilya''nın hesabına köçürülməli olan məbləğ vaxtında köçürülməyib. Klubun açıqlamasında bildirilib ki, ilk iş günündə, yəni bazar ertəsi məbləğ ödəniləcək və transfer qadağası aradan götürüləcək.
Qeyd edək ki Ən-Nəsiri ''sarı-lacivərdlilər''ə 2024-ün yayında ''Sevilya''dan 19,5 milyon avroya transfer olunmuşdu. Həmin vaxt klubun rəsmi açıqlamasında bildirilmişdi ki, bu məbləğ qarşı tərəfə 4 il ərzində 8 hissəyə bölünərək ödəniləcək. Görünür, həmin məbləğin ödənilməsində gecikmə olduğu üçün andalusiyalılar FİFA-ya şikayət ediblər.
Türkiyə karyerası istənilən səviyyədə alınmayan təcrübəli hücumçu ötən mövsümün qış transfer dönəmində ''Fənər''lə müqaviləsini qarşılıqlı şəkildə ləğv edərək Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-İttihad''a yollanmışdı.
FİFA ''Fənərbaxça''ya şok transfer cəzası verdi! - səbəbi bu futbolçudu
Dünya futbolu






