Sabah “Palms Sports Arena”da Azərbaycan və Tacikistan milliləri arasında yoldaşlıq görüşü keçiriləcək. Bu gün yığmanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.
- Qarşıda bizi dörd oyun gözləyir. Millətlər Liqasında öncə son rəqibimiz Tacikistandı. İlk dəfə ardıcıl dörd oyun keçirəcəyik. Bu səbəbdən heyəti geniş tutmaq istədik. Rəqib güclüdü. Bəzi futbolçularımız komandaya gec qoşulub, ilk məşqlərini keçirəcəklər. Ümumi planlarımız var. Sabah yaxşı oynayıb, qalib gəlmək istəyirik. Rotasiyalara əl atacağıq ki, yeni futbolçular şans qazansın. Bundan sonra bizi üç çətin oyun gözləyir. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirik.
- Tacikistanı məcbur seçdiz? Bu komandanın digər rəqiblərlə oxşar cəhətləri var?
- Yoldaşlıq görüşü keçirmək məcburidi. Boş rəqib tapmaq çətindi. Bu səbəbdən Asiya komandasına üz tutduq. Biz digər rəqiblərə yaxınıq. Belə komandalara qarşı oynamaq bizim üçün lazımdı. Son iki matçda bir çox epizoddan istifadə edə bilmədik. Bundan öncə də Millətlər Liqasında güclü rəqiblərlə qarşılaşmışıq. İnkişaf üçün belə matçlar lazımdı.
- Belə ardıcıl oyunlara, sıx qrafikə komanda necə tab gətirəcək? Oyunlardan birinin səfərdə olması əlavə yorğunluq yaratmayacaq?
- Əksinə, bir oyunun səfərdə olması üstünlükdü. Ən önəmli məsələ klublarında çox oynayan futbolçular üçün çətin olacaq. Mahir Emrelinin təxirə salınmış oyunu var. Rəhman Daşdəmirov, Rüfət Abbasov da sıx qrafikdə oynayacaq. Rotasiyalara əhəmiyyət verəcəyik. Elə futbolçular olacaq ki, 4 matçın hamısında çıxış edə biləcək.
- Nəriman Axunzadəni niyə qənaətbəxş hesab etmədiz?
- Biz sevinirdik ki, o, Türkiyə liqasına gəldi. Orda forma şansı qazanacağını düşünürdük. Belə olmadı. Orda vəziyyət fərqlidi. Gərək yerli futbolçudan iki baş üstün olasan ki, şans qazanasan. Nərimanın özünə gəlməsi üçün oyun praktikasına ehtiyacı var.
- Şahruddin Məhəmmədəliyev niyə dəvət olunmayıb? Səlahət Ağayev də yoxdu. Rəvan Mirzməmmədov ondan güclüdü?
- Adlara toxunsaq, hər kəs öz seçimini səsləndirəcək. Emil “Neftçi”də əsas qapıçıdı. Aydın “Zirə”də 4 oyun oynadı. Rəvan “Sabah”da özünü yaxşı göstərdi. Şahruddinin zədəli halda oynamasını istəmirdik. Biz onun kimi futbolçuları qazanmışıq. Çempionatda şans qazanmasını istəyirdik. Şans verilmədi. Səlahət yaxşı insandı, peşəkardı. Onu milli komandaya qaytaran da biz olmuşuq. “Qəbələ” son pillədə olarkən ona şans vermişdik. O da bizim siyahımızda idi. Amma gəlin gənclərə şans verək. Tək Rəvan yox, Edqar Adilxanov, Oruc Məmmədov və başqaları da var. Bu gün Rüfət Abbasovu hər kəs tərifləyir. Amma İslandiya ilə görüşdən sonra hamı onun oyuna tab gətirmədiyini söyləyirdi. Mən onun “Şamaxı”da daha çox çalışdığını görürdüm. Onun kimi futbolçunu qazandırdığımıza görə sevinirəm.
- Bu yaxınlarda Polşada olmusuz. İlqar Qurbanovla birgə olmağınız müəyyən reaksiyalara səbəb oldu. Siz nə düşünürsüz?
- Hər şeyə reaksiya verirlər. Bu təbiidi. İki yerdə işləyirsən, deyirlər milliyə vaxt ayır. Milli futbolçunu dəstəkləmək üçün səfər edirsən, yenə reaksiya verirlər. Mən Avropanı görmüşəm, gəzməyə ehtiyacım yoxdu. Orda Mahiri tərifləyəndə çox sevindim. Hətta məndən komandaları üçün gənc futbolçuları soruşdular. Həmçinin Toral üçün Türkiyəyə səfər edərkən də bununla qarşılaşdım.
- Toral son matçlarda forma geymir. Onunla düşərgədə söhbət etmisiniz? Sabah ona şans verəcəksiz?
- Bütün futbolçular və legioner futbolçularımızın klubları ilə sıx əlaqədəyik. İstərdik ki, daha çox futbolçumuz legioner olsun. Toral Türkiyəni seçdi. Orda medianın təzyiqi böyükdü. Buna dözsə, inkişaf edəcək. Son matçda səhv etmədən 36-cı dəqiqədə əvəzlənməsini anlamadım. İki topu çıxardı, amma yerli futbolçu ilə əvəzləndi.
- Sizcə, son iki mövsümdə legioner limitinin ləğv edilməsinin legioner həyatı yaşayan futbolçuların sayının artmasına təsiri var?
- Razılaşdığım və razılaşmadığım fikirlər var. Komandalarımız avrokuboklarda çıxış etməsəydi, bu çətin olardı. Mən istərdim ki, gənclər xaricə üz tutsun. Sevinirəm ki, belə gənc futbolçularımız var. Çox istərdim ki, Murad Məmmədov da burda olsun.
- Azərbaycanda futbolun inkişafı ilə bağlı nə deyə bilərsiz?
- Azərbaycanda milliyə olan təzyiqin yarısı heç Litvada yoxdu. Bəzi futbolçuların milliyə marağının olmamasını, büdcənin də o səviyyədə olmadığını görmüşük. Çempionatımızın zəif görünməsinin səbəbləri stadionlar, işıqlar və azarkeşlərdi. Gəncə şəhər stadionunun yayını zamanı ekranda komanda adı yazılmasa, elə bilərsən ki, xaricdəsən.
- Sağ cinah müdafiəçisi mövqeyində sizcə çatışmazlıq var?
- Düz qeyd etdiz. Çempionatımızda gənc limiti olduğu zaman yarımmüdafiəçiləri sağ müdafiədə oynadırdıq. Bu gün bəlkə də ən az rəqabətin olduğu mövqe sağ cinah müdafiəçisidi. Amma solda Elvin, Toral, Rüfət var. Onlardan istifadə edə bilərik.
İSRAYIL XEYRULLAYEV
“Çempionatımızın zəif görünməsinin səbəbi stadionlar, işıqlar və azarkeşlərdi” - Ayxan Abbasov
Ölkə futbolu / Manşet






