“Qarabağ” son illərdə Azərbaycan futbolunun hegemonu idi. Komandanın əsas üstünlüklərindən biri illərdi bir-birini yaxşı tanıyan futbolçuların meydanda anlaşması, oyun sisteminin dəyişməməsi və yeni transferlərin bu sistemə tədricən uyğunlaşdırılması idi. Lakin bu mövsüm vəziyyət bir qədər fərqlidi.
Heyətini önəmli dərəcədə yeniləyən “Qarabağ” əvvəlki qədər effektli deyil. Komandanın əsas simalarından bəzilərinin ayrılması, yeni futbolçuların isə hələ tam uyğunlaşmaması meydandakı oyuna da təsir edir. Əvvəllər “Qarabağ”ın hücumlarının necə qurulacağını, futbolçuların hansı zonalarda bir-birini “sığortalayacağını” əvvəlcədən görmək mümkün idisə, indi həmin sistem yoxdu.
Əslində avrokubokların əsas mərhələsindən kənar qalmaq yenilənmə prosesinin ağır getməsinin siqnalı idi. İndi isə əsas hədəf premyer-liqada uğurlu çıxışdı. Düzdü, “Qarabağ” ilk 5 oyunun 4-də qələbə qazanıb, amma heç də ümidverici hesabla yox. Ötən illərdə fırtına kimi əsən, rəqibləri üzərində böyükhesablı qələbələr qazanan “Qarabağ” sanki yoxa çıxıb. “Zirə” ilə matçda “qartallar”ın ehtiyat qüvvəsinin olmaması Ağdam təmsilçisinin işinə yaradı. Sentyabrın 18-də debütant “Şəfa” ilə görüşdə 11 metrlik cərimə zərbəsindən vurulan qol olmasaydı, bəlkə də vitse-çempion xal itirəcəkdi. Bəs geniş heyətə malik “Sabah” və “Neftçi” kimi rəqiblərlə oyunlarda Qurban Qurbanovun yetirmələri nə edəcək?
“Köhlən atlar”ın oktyabrın 11-inə kimi vaxtı var. Lakin bu müddətdə də əsas heyətin bəzi oyunçuları milli komandalarında çıxış etməli olacaq. Yeri gəlmişkən, “Qarabağ”ın yalnız iki futbolçusu - Bədavi Hüseynov və Musa Qurbanlı Azərbaycan millisinə dəvət alıb. “Şəfa” ilə oyunda “köhlən atlar”ın start heyətində bir yerli futbolçu belə yox idi. Bu məsələ ilə bağlı “Şəfa” ilə matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanova sual ünvanlanıb. Mütəxəssis “bizim əvvəlki kimi Toralımız, Nərimanımız yoxdu” deyib. Elvin Cəfərquliyevlə Bəhlul Mustafazadənin zədəli olduğundan da xəbərdarsız. Bəlkə də “Qarabağ”ın uğurunun açarı elə məhz yerli futbolçular imiş…
İSRAYIL XEYRULLAYEV
“Qarabağ” uğurun açarını itirib – ilk “11-lik”də heç bir yerli futbolçu yox idi
Ölkə futbolu / Manşet





