Var, var, Varqasın ancaq adı var!

5.09.2026 11:38 30
Manşet / Yazarlar
Ötən mövsüm icarə əsasında “Neftçi”nin formasını geyən Freddi Varqas, heç şübhəsiz, “ağ-qaralar”ın heyətindəki əsas fiqurlardan biri idi. Cinahda fırtına kimi əsən braziliyalı yayda birdəfəlik transfer olundu. Ancaq Varqasın “Neftçi”yə qayıdışının tamamlanması ilə sanki həmin fırtına da səngidi.

Ötən mövsüm premyer-liqada 32 oyunda 2293 dəqiqə meydanda olan vinger 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalmışdı. Hücumların qurulmasında, rəqib müdafiəsinə təzyiq göstərməkdə və təhlükəli epizodların başlanğıcında onun imzası görünürdü. Bir sözlə, komandanın hücum xəttində yükü çiyinlərinə götürən futbolçulardan biri idi.

Yeni mövsüm isə Varqas üçün heç də əvvəlki qədər yaxşı başlamayıb. Premyer-liqada artıq 3 tur arxada qalıb, venesuelalının hesabında cəmi iki məhsuldar ötürmə var. Rəqəmlər o qədər də pis görünməsə də, əsas problem başqa yerdədi: Varqas əvvəlki Varqas deyil! Meydandadı, amma oyunun içində olduğunu hiss etdirmir.

“Zirə” ilə paytaxt derbisində vəziyyət daha qəribə idi. Belə vacib qarşılaşmanda Varqasın meydanda varlığı ilə yoxluğu bilinmədi. Ötən mövsüm rəqib müdafiəsini narahat edən, hər an təhlükə yarada bilən futbolçu bu dəfə kölgəyə çəkilmişdi.

“Neftçi” onu məhz ötən mövsüm göstərdiyi oyuna görə heyətinə qatdı. Bəs o fırtına hara yoxa çıxdı? Müqavilə imzalandı, istədiyi pulu aldı, indi də istirahətə çəkilib?

Hələ mövsümün əvvəlidi, Varqasın toparlanmaq üçün yetərincə vaxtı var. Top venesuelalının meydandadı: ya yenə fırtına kimi əsəcək, ya da sovrulub gedəcək…

İSRAYIL XEYRULLAYEV