Köhnə hamam, köhnə tas... - kubokda komanda sayı dəyişmirsə, inkişafın əlaməti nədi?!

17.09.2026 22:35 297
Ölkə futbolu / Manşet
Azərbaycan kubokunda yeni – 2026/27 mövsümün də formatı bəllidi. PFL-in sentyabrın 9-da yaydığı xəbərdən məlum oldu ki, qarşıdakı mövsümdə də turnirdə 34 komanda iştirak edəcək. Bunlardan 12-si premyer-liqa, bir o qədəri 2-ci liqa, 10-u da 1-ci liqa təmsilçisidi. Elə son iki mövsümdə ölkə kuboku uğrunda 34 komanda mübarizə aparır. Bəs onda ölkə futbolunda inkişafın əlaməti hanı? 

Kubokun mahiyyəti kütləvilik, daha çox komandanın turnirdə iştirakı deməkdi. Bu turnir aşağı dəstələrdə çıxış edən klublar üçün də müəyyən imkanlar yaratmağa xidmət etməlidi. Kiçik büdcəli komandaların daha güclü rəqiblərlə qarşılaşması, onları evində qəbul etməsi regionlarda futbol marağının artırılması baxımından da maraqlı addım olardı. Lap tutaq ki, Azərbaycan reallığında Region Liqası klublarının özündən böyükləri büdrətməsi mümkünsüz görünür. Amma buna cəhd etməyə, Region Liqası təmsilçilərini sevindirməyə dəyər. Yoxsa hər il eyni sayı, eyni komandaların iştirakını təkrarlamaqla inkişaf nağılları söyləməyə, düzüb-qoşmağa dəyməz.

Region Liqası komandaları, ümumiyyətlə, turnirdə iştirak etmir, 2-ci liqa komandaları 1-ci təsnifat mərhələsindən başlayır, 12 komandadan altısı mübarizəni davam etdirir. Daha sonra onlar 1-ci liqa təmsilçiləri ilə qarşılaşır. Bu isə onların elitada çıxış edən komandalarla qarşılaşması, özünü göstərməsi üçün çox çətin mübarizədən keçməsi ilə nəticələnir. Bu da bölgə klublarının inkişafına maneə yaradır.

Rəqəm eyni, format eyni, bəs inkişaf?!

İSRAYIL XEYRULLAYEV