Premyer-liqada 6, birinci divizionda artıq 4 tur geridə qalsa da, Region Liqasında yeni mövsümə nə vaxt start veriləcəyi hələ məlum deyil.
Həvəskar status daşımasına baxmayaraq, sözügedən turnirə ölkədə, xüsusilə bölgələrdə yetərincə maraq var.
“Football-plus.az” saytının əldə etdiyi məlumata görə, yeni “futbol ili”ndə liqada yeni komandalar mübarizə aparacaq. Söylənilənlərə aydınlıq gətirmək və turnirin nə vaxt başlayacağını öyrənmək üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq:
“Yeni mövsümdə Region Liqasında neçə komandanın mübarizə aparacağı ilə bağlı sualınıza sentyabrın 20-də cavab verə biləcəm. Hələ ki iştirak etmək istəyən komandaların müraciətləri nəzərdən keçirilir. Bildiyiniz kimi, müəyyən şərtlər var ki, onlara cavab verməlisən. Böyük ehtimalla Region Liqasında 2022/23 “futbol ili” oktyabrın əvvəlində start götürəcək. Püşkatma da həmin ərəfədə olacaq. Ehtimal olunur ki, komanda sayı əvvəlki illərdə olduğu kimi 30-36 aralığında dəyişəcək. Komandalar yenə zonalar üzrə bölünəcək. Naxçıvan Muxtar Respublikasında da iştirakçı sayının təxminən ötənilki səviyyədə olacağı gözlənilir”.
RƏŞAD